Ordu.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
Aksiya Nuuk şəhərində ABŞ-nin yeni konsulluq binasının açılışından sonra baş tutub. Etirazçılar “ABŞ evə qayıt”, “Amerika rədd olsun” və “Biz satılmırıq” şüarları yazılmış plakatlar qaldırıblar. Onların əksəriyyəti Qrenlandiyanın qırmızı-ağ bayraqlarını dalğalandırıb.
Məlumata görə, aksiya iştirakçıları konsulluq binasına arxa çevirərək iki dəqiqəlik sükutla ABŞ-yə etirazlarını ifadə ediblər. Nuukun mərkəzində yerləşən yeni konsulluq binası ABŞ-nin Danimarkadakı səfiri Kennet Hauerinin iştirakı ilə açılıb.
Qrenlandiyanın KNR televiziya kanalının məlumatına görə, Hauer açılış mərasimində Donald Trampın Qrenlandiyaya nəzarət üçün güc tətbiqini istisna etdiyini bildirib. O qeyd edib ki, qrenlandiyalılar öz gələcəklərini özləri müəyyən etməlidirlər.
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen isə açılış mərasiminə qatılmaqdan imtina edib. Məlumata görə, Nilsen bu həftənin əvvəlində Donald Trampın Qrenlandiya məsələləri üzrə xüsusi nümayəndəsi Ceff Landri ilə görüş keçirib. Landri dekabr ayında vəzifəyə təyin olunduqdan sonra adaya ilk dəfə, özü də dəvətsiz səfər edib.
O, “France-Presse” agentliyinə açıqlamasında ABŞ-nin bölgədəki mövcudluğunu gücləndirməsinin vacib olduğunu bildirib. Donald Tramp isə daha əvvəl dəfələrlə Vaşinqtonun milli təhlükəsizlik baxımından Qrenlandiyaya nəzarət etməli olduğunu bəyan edib. O iddia edib ki, əks halda Danimarkanın muxtar ərazisi Çin və ya Rusiyanın təsiri altına düşə bilər.
Sevinc Əliyeva
Ordu.az