Ordu.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” Partiyasının deputatlığa namizədləri siyahısında ikinci yeri tutan Andranik Tevanyan mayın 21-də jurnalistlərlə görüşü zamanı deyib.
O bildirib ki, səhər saat 05:40 radələrində iki gənc onun evinə aparan giriş qapısını zorla açıb, lakin başqa heç bir hərəkət etməyib.
Tevanyan qeyd edib ki, söhbət yalnız onun və qonşusunun istifadə etdiyi ayrıca lift qapısından gedir. Onun sözlərinə görə, bir müddət sonra həmin şəxslər eyni hərəkətləri təkrarlayıblar.
Erməni siyasətçi bunun müəyyən mesaj olduğunu düşündüyünü bildirib.
“Mən buna siyasi məna vermədim və polisə müraciət etdim, araşdırma başladılıb”, - deyə müxalif erməni siyasətçi vurğulayıb.
Tevanyanın sözlərinə görə, sosial sorğular hakimiyyətin birləşmiş müxalifətə uduzduğunu göstərir, buna görə də hakimiyyət qanunsuz addımlarla onu “oyundan kənarlaşdırmağa” çalışır.
O bildirib ki, Ermənistana qarşı aparılan hibrid müharibə çərçivəsində Nikol Paşinyanı dəstəkləyən dairələr öz təsirləri altında olan ölkələrə göstəriş veriblər ki, həmin ölkələrdə yaşayan ermənilər Ermənistana gəlib seçkilərdə Paşinyanı dəstəkləsinlər.
Tevanyanın məlumatına görə, bu proses çərçivəsində böyük məbləğdə pullar dövr edir.
O istisna etməyib ki, hakimiyyət onun barəsində cinayət işi açılması barədə danışmaqla Ukrayna Prezidenti Volodimir Zelenskiyə xoş görünmək istəyib və Donbasa səfər etmiş siyasətçilərə qarşı addım atdıqlarını nümayiş etdirməyə çalışıb.
Tevanyan xatırladıb ki, Ukraynada onun barəsində axtarış elan olunub.
“Donbasa səfərimiz açıq və humanitar xarakter daşıyırdı. Səfər oradakı erməni icmasının dəvəti ilə baş tutmuşdu. Ora müharibə zonası olduğu üçün soydaşlarımızın həyatı ilə maraqlanmaq qərarına gəldik. Əslində bunu dövlət etməli idi, amma onun əvəzinə biz etdik”, - deyə Tevanyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az