ABŞ mediası KAAN-ı F-22 “Raptor” və F-35 “Lightning II” üçün yeni rəqib kimi təqdim edib

2026/05/1779130684.jpg
Oxunub: 604     22:54     18 May 2026    
ABŞ-nin müdafiə nəşrlərində yayımlanan təhlillərdə Türkiyənin hazırladığı beşinci nəsil KAAN döyüş təyyarəsinin qlobal döyüş təyyarəsi bazarında mühüm oyunçuya çevrilə biləcəyi vurğulanıb.

Ordu.az xəbər verir ki, təhlillərdə KAAN platformasının ABŞ istehsalı F-22 “Raptor” və F-35 “Lightning II” kimi beşinci nəsil döyüş təyyarələrinə alternativ ola biləcəyi qeyd olunub.

Məlumata görə, TUSAŞ-ın baş direktoru Mehmet Dəmiroğlu“SAHA EXPO 2026 sərgisində çıxışı zamanı Müdafiə Sənayesi Başkanlığı ilə imzalanan müqavilə çərçivəsində ilkin mərhələdə 20 ədəd KAAN “Blok 10” döyüş təyyarəsinin istehsal ediləcəyini açıqlayıb.

Bildirilib ki, həmin təyyarələrin 2028-2030-cu illərdə Hərbi Hava Qüvvələri Komandanlığına təhvil verilməsi planlaşdırılır. Qeyd olunub ki, bu addım KAAN proqramının layihələndirmə və prototip mərhələsini geridə qoyaraq seriyalı istehsal mərhələsinə keçdiyini göstərir.

Məlumata görə, Türkiyənin 2019-cu ildə S-400 “Prometheus” hava hücumundan müdafiə sistemini tədarük etməsindən sonra F-35 proqramından çıxarılması KAAN proqramına əlavə təkan verib.

Proqramın məqsədinin Türkiyənin döyüş təyyarələri sahəsində xarici asılılığını azaltmaq və uzunmüddətli perspektivdə müstəqil beşinci nəsil döyüş təyyarəsi ekosistemi yaratmaq olduğu bildirilib.

KAAN-ın ilk uçuşunu 2024-cü ilin fevralında uğurla həyata keçirdiyi, 13 dəqiqə davam edən uçuş zamanı 8 min fut hündürlüyə çatdığı qeyd olunub. Təyyarənin hazırlanması prosesində “BAE Systems” şirkətinin də mühəndislik dəstəyi verdiyi bildirilib.

Məlumata görə, İndoneziya Türkiyə ilə imzaladığı müqavilə çərçivəsində 48 ədəd KAAN döyüş təyyarəsi almağı planlaşdırır. Səudiyyə Ərəbistanının da proqrama qoşulma imkanlarını dəyərləndirdiyi qeyd olunub.

Müdafiə analitikləri hesab edirlər ki, ixrac sifarişləri KAAN proqramının xərc effektivliyi və uzunmüddətli davamlılığı baxımından həlledici rol oynayacaq. Türkiyənin KAAN tam əməliyyat qabiliyyətinə çatana qədər pilot hazırlığı, texniki xidmət infrastrukturu, logistika sistemləri və əməliyyat konsepsiyaları istiqamətində hazırlıqları davam etdirəcəyi bildirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan isə KAAN proqramı ilə bağlı açıqlamasında deyib: “KAAN bizim üçün ilk addımdır. Daha yaxşısını və daha güclüsünü də edəcəyik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KAAN   F-22   F-35  


Bizi "telegram"da izləyin