“Bloomberg”: Türkiyə Ankarada keçiriləcək NATO sammitinə hazırlığı gücləndirir

2024/07/1720786676.jpg
Oxunub: 514     21:45     18 May 2026    
Türkiyə Ankarada keçiriləcək NATO sammitinə hazırlığı həm diplomatik, həm də strateji səviyyədə gücləndirir.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, Ankara Türkiyədən Bolqarıstan üzərindən Rumıniyaya qədər uzanacaq hərbi yanacaq kəmərinin tikintisini təklif edib.

Bildirilib ki, 1,2 milyard dollar dəyərində qiymətləndirilən layihə NATO-nun hərbi logistika şəbəkəsinin genişləndirilməsi və Şərqi Avropadakı müttəfiqlərin yanacaq təminatının gücləndirilməsi məqsədi daşıyır.

Qeyd olunub ki, bu addım 2026-cı il iyulun 7-8-də Ankara Prezident Kompleksində keçiriləcək NATO sammiti ərəfəsində xüsusi əhəmiyyət daşıyır.

Türkiyədə ABŞ-nin keçmiş səfiri Ceyms Cefri bildirib ki, Ankara və Vaşinqton Ukraynadan Qafqaza, Qara dənizdən Balkanlara qədər təhlükəsizlik məsələlərində əsas rol oynayır.

ABŞ Dövlət Departamentinin keçmiş müşaviri Riç Autsen isə qeyd edib ki, Türkiyənin müdafiə sənayesi elə bir səviyyəyə çatıb ki, artıq ABŞ şirkətləri türk istehsalı məhsulların alınmasında maraqlıdır.

Məlumata görə, Ukraynada davam edən müharibə, silah çatışmazlığı və NATO logistikasına artan tələbat fonunda diqqət maliyyələşmədən daha çox istehsal güclərinə, infrastruktur imkanlarına və qüvvələrin sürətli yerləşdirilməsinə yönəlib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan daha əvvəl bildirib ki, Ankara sammiti Donald Tramp administrasiyası ilə sistemli münasibətlərin qurulmasına və NATO mexanizmlərində ABŞ iştirakının mümkün azalmasına hazırlığa kömək etməlidir.

Apreldə NATO-nun baş katibi Mark Ruttenin Ankaraya səfəri, o cümlədən ASELSAN texnologiya bazasını ziyarət etməsi Türkiyənin alyansın müdafiə sənayesində artan rolunu bir daha nümayiş etdirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   NATO  


Bizi "telegram"da izləyin