CNBC: Avropa İttifaqı iqtisadi artım proqnozunu azaltmağa hazırlaşır

2026/03/1773647283.jpg
Oxunub: 390     21:42     18 May 2026    
Avropa İttifaqı Yaxın Şərqdə davam edən müharibə və enerji təzyiqinin yaratdığı böhran fonunda iqtisadi artım proqnozunu azaltmağa hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının iqtisadiyyat və məhsuldarlıq məsələləri üzrə komissarı Valdis Dombrovskis CNBC telekanalına müsahibəsində danışıb.

O bildirib ki, bu həftənin sonunda açıqlanacaq yaz iqtisadi proqnozunda iqtisadi artım göstəriciləri aşağı salınacaq, inflyasiya gözləntiləri isə artırılacaq.

Dombrovskis vurğulayıb ki, Avropa İttifaqı “staqflyasiya şoku” ilə üz-üzədir. Onun sözlərinə görə, bu vəziyyət iqtisadi artımın zəifləməsi və inflyasiyanın sürətlənməsinin birləşməsi deməkdir.

Məlumata görə, böhranın əsas səbəblərindən biri İran ətrafında davam edən müharibə və Hörmüz boğazının blokadada qalmasıdır. Bildirilib ki, bu marşrutla dünya neft tədarükünün əhəmiyyətli hissəsi həyata keçirilir.

Qeyd olunub ki, neftin qiyməti bir barel üçün 100 dollardan yuxarı qalmaqda davam edir və bu vəziyyət Avropanın sənaye, nəqliyyat və istehlak bazarlarına təzyiqi artırır.

Dombrovskis əlavə edib ki, COVID-19 pandemiyası dövründə tətbiq edilən genişmiqyaslı dövlət dəstəyi mexanizmlərini yenidən həyata keçirmək imkanları hazırda məhduddur.

O bildirib ki, dəstək tədbirləri müvəqqəti və hədəfli olmalı, qalıq yanacaqlara yüksək tələbatı stimullaşdırmamalıdır.

Bundan əlavə, Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, dünya neft ehtiyatları rekord sürətlə azalır. Analitiklər xəbərdarlıq ediblər ki, Avropada enerji daşıyıcılarının fiziki çatışmazlığı artıq bu ayın sonunda hiss oluna bilər və ehtiyatların bərpası 2027-ci ilin sonuna qədər uzana bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   İqtisadi-artım  


Bizi "telegram"da izləyin