ABŞ müttəfiqlərinə İran əleyhinə sanksiyaları sərtləşdirməyə çağırıb

2026/01/1768922714.jpg
Oxunub: 404     20:39     18 May 2026    
ABŞ maliyyə naziri Skott Bessent G7 ölkələrinə, Vaşinqtonun müttəfiqlərinə və beynəlxalq tərəfdaşlara müraciət edərək İran əleyhinə sanksiyaların icrasının gücləndirilməsini istəyib.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Bessent Parisdə G7 ölkələrinin maliyyə nazirlərinin görüşü başlamazdan əvvəl çıxışında beynəlxalq ictimaiyyətin Tehranı gücləndirən qanunsuz maliyyə axınlarının qarşısını daha ciddi şəkildə almalı olduğunu bildirib.

“G7-nin bütün ölkələrini, bizim müttəfiqlərimizi və bütün dünyanı sanksiya rejimlərinə əməl etməyə çağırırıq ki, İranın hərbi maşınını dəstəkləyən qanunsuz maliyyələşdirmə dayandırılsın və bu vəsaitlər İran xalqına qaytarılsın”, - deyə ABŞ Maliyyə Nazirliyinin rəhbəri bildirib.

İrana qarşı sanksiyalar rəsmi olaraq sammitin əsas gündəliyinə daxil edilməsə də, Yaxın Şərqdəki münaqişə və onun iqtisadi nəticələri danışıqlarda mühüm yer tutur.

İki gün ərzində iştirakçılar qlobal makroiqtisadi uyğunsuzluqları, kritik resurslara çıxışı, iqtisadi cinayətləri, Rusiyaya qarşı sanksiyaları və davam edən müharibənin dünya iqtisadiyyatına təsirini müzakirə edirlər.

Bessentin çağırışı Donald Trampın daha da sərtləşən ritorikası fonunda səslənib. ABŞ prezidenti daha əvvəl İrana diplomatik nizamlanma üçün vaxtın sürətlə tükəndiyi barədə xəbərdarlıq etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   G7  


Bizi "telegram"da izləyin