Ordu.az xəbər verir ki, Dias-Kanel bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
O yazıb ki, Kuba heç kim üçün təhlükə yaratmır.
Kuba liderinin açıqlaması “Axios”un məxfi kəşfiyyat məlumatlarına istinadən yaydığı xəbərin ardınca qeydə alınıb. Həmin xəbərdə deyilirdi ki, Kuba guya 300-dən çox hərbi pilotsuz uçuş aparatı alıb və onları Quantanamo bazası, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və Florida ştatının Key-Uest şəhərinə qarşı istifadə etmə variantlarını müzakirə edib.
Kuba xarici işlər naziri Bruno Rodriges bildirib ki, Havana bütün dövlətlər kimi BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq qanuni özünümüdafiə hüququna malikdir. O, həmçinin Kuba əleyhinə səsləndirilən ittihamların mümkün təcavüzü əsaslandırmaq üçün istifadə olunduğunu vurğulayıb.
Son günlər iki ölkə arasında gərginlik kəskin artıb. Daha əvvəl “Reuters” ABŞ prokurorluğunun 1996-cı ildə “Brothers to the Rescue” humanitar təşkilatına məxsus iki təyyarənin vurulması ilə bağlı Kubaın sabiq lideri Raul Kastroya ittiham irəli sürmək imkanını nəzərdən keçirdiyini yazmışdı.
Bu addım ABŞ administrasiyasının Kuba rəhbərliyinə qarşı korrupsiya və səmərəsiz idarəçilik ittihamlarını artırdığı və ölkədə siyasi dəyişikliklərin zəruriliyini vurğuladığı təzyiq siyasətinin növbəti mərhələsi ola bilər.
Sevinc Əliyeva
Ordu.az