Texniki çertyojları oğurlayan tədqiqatçı həbs cəzası aldı

2026/05/Ekran-1779121589.jpg
Oxunub: 449     20:28     18 May 2026    
Cənubi Koreyada müdafiə sənayesi şirkətinə aid texniki çertyojları oğurlayaraq xarici yaddaş qurğusuna köçürən tədqiqatçı həbs cəzasına məhkum edilib.

Ordu.az xəbər verir ki, bu barədə “Chosun” nəşri məlumat yayıb.

Məlumata görə, müdafiə sənayesi şirkətində tədqiqatçı kimi çalışan 54 yaşlı şəxs işdən ayrılmazdan əvvəl şirkətə aid texniki çertyojlar və iş təklifləri daxil olmaqla 1000-dən çox kritik sənədi xarici yaddaş qurğusuna köçürərək sızdırıb.

İnçon Rayon Cinayət Məhkəməsi “etimaddan sui-istifadə” və iş yerinə aid məxfi məlumatların sızdırılması ittihamı ilə mühakimə olunan şəxsə 1 il 6 ay həbs cəzası verib, lakin hökmü 3 il müddətinə təxirə salıb.

İttihama əsasən, həmin şəxs 2018-ci ilin aprelində müdafiə şirkətindən ayrıldığı dövrdə şirkətə məxsus kommersiya sirri xarakterli 1017 faylı USB yaddaşa köçürərək müəssisədən çıxarıb.

Bildirilib ki, o dövrdə təqsirləndirilən şəxs odlu silah nişanalma sistemləri və əlaqəli silah sistemlərinin hazırlanması üzrə istehsal və tədqiqat bölməsində çalışıb.

Prokurorluğun araşdırması nəticəsində müəyyən olunub ki, o, şirkət məsləhətçisindən əməkdaşlıq prosesi üçün aldığı optik dizayn çertyojlarını xarici yaddaşa köçürüb.

Şəxsin diqqət çəkməmək məqsədilə müdafiə sənayesi tenderlərində istifadə olunan strateji iş təklifi fayllarının adlarını CV 1 və CV 2 olaraq dəyişdiyi də aşkarlanıb.

Məlumata görə, o, məlumatları oğurladıqdan dərhal sonra şirkətdən ayrılıb və ertəsi gün rəqib müdafiə sənayesi şirkətində işə başlayıb.

Hakim qərarında bildirib ki, müdafiə sənayesi şirkətinə aid texniki məlumatların və strateji sənədlərin sızdırılması yüngül xarakterli cinayət hesab oluna bilməz.

Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin günahını etiraf etməsini, peşmanlıq göstərməsini, sızma nəticəsində konkret ziyanın hələ müəyyən edilməməsini və əvvəllər cinayət qeydinin olmamasını nəzərə alaraq hökmün icrasını təxirə salıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Müdafiə-sənayesi  


Bizi "telegram"da izləyin