Ordu.az xəbər verir ki, Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi Komitəsinin koordinasiyası ilə “C-Prot” tərəfindən hazırlanmış və HAVELSAN əməkdaşlığı ilə həyata keçirilmiş Türkiyənin ilk Uç Nöqtə Təhlükəsizlik Platforması (AV-EDR) sistemi SAHA-2026 çərçivəsində keçirilən mərasimdə Türkiyə Milli Müdafiə Nazirliyinə təhvil verilib.
“C-Prot”un açıqlamasına görə, bu addım Türkiyənin kibertəhlükəsizlik sahəsində xarici asılılığı azaltmaq, kritik sistemləri yerli texnologiyalarla qorumaq və rəqəmsal suverenliyini gücləndirmək hədəflərinin konkret nəticəsi hesab olunur.
Platforma Yeni Nəsil Antivirus və EDR (Endpoint Detection and Response) funksiyalarını vahid agent altında birləşdirən inteqrə olunmuş arxitekturası ilə uç nöqtə təhlükəsizliyi sahəsində yeni standart formalaşdırır.
Bu yanaşma sayəsində qurumlar parçalanmış təhlükəsizlik strukturlarından xilas olaraq daha sadə, sürətli və effektiv təhlükəsizlik infrastrukturuna sahib olur.
Sistem yüksək həcmli telemetri məlumatlarının toplanması və qabaqcıl təhdid aşkarlama qabiliyyətləri ilə uç nöqtələrdə dərin müşahidə imkanı yaradır, potensial təhdidlərin erkən mərhələdə müəyyən edilməsinə və operativ müdaxiləyə şərait yaradır.
Bundan əlavə, həll xüsusilə dövlət qurumları və kritik infrastrukturlarda yüksək səviyyəli inteqrasiya və əməliyyat davamlılığı təmin etmək üçün başda “Pardus” olmaqla yerli və milli əməliyyat sistemləri ilə tam uyğun şəkildə hazırlanıb.
Məlumata görə, uç nöqtə təhlükəsizliyi və EDR texnologiyaları yüksək mühəndislik, təhdid kəşfiyyatı və davamlı məlumat emalı tələb edən mürəkkəb sistemlər sırasındadır.
Bu sahədə həll hazırlaya bilən ölkələrin sayının məhdud olduğu, ABŞ, İsrail, Rusiya, Çin, Yaponiya və Fransanın bu texnologiyaları inkişaf etdirə bilən əsas aktorlar arasında yer aldığı bildirilib.
Türkiyənin bu istiqamətdə yerli həll hazırlaması ölkənin yalnız texnologiyadan istifadə edən deyil, həm də onu inkişaf etdirə və ixrac edə bilən dövlətlər sırasına daxil olması baxımından mühüm addım kimi qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az