Ordu.az xəbər verir ki, Türkiyənin milli mühəndislik gücü olan “STM Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.” döyüş meydanında səmərəliliyi təsdiqlənmiş milli texnologiyaları ilə Silahlı Qüvvələrin əməliyyat imkanlarına töhfə verməyə davam edir.
İzmirin Seferihisar rayonunda keçirilən və 45 ölkənin iştirakı ilə təşkil olunan EFES-2026 təlimində STM-nin milli döyüş gəmiləri və insansız sistemləri aktiv vəzifə yerinə yetirəcək.
Bu il EFES-2026 çərçivəsində STM-nin milli zərbə pilotsuz uçuş aparatı KARGU-lar avtonom sürü qabiliyyətləri ilə sahədə olacaq.
Süni zəka və görüntü işləmə dəstəyi ilə diqqət çəkən KARGU-lar sürü konsepsiyası çərçivəsində koordinasiyalı şəkildə tapşırıq yerinə yetirərək hədəfə qarşı eyni anda hücum həyata keçirə bilir.
STM sürü pilotsuz uçuş aparatı sahəsindəki qabiliyyətlərini 2026-cı ilin yanvarında Ankaranın Polatlı rayonunda keçirilən sınaqda təsdiqləmişdi. 20 KARGU-dan ibarət sürü tamamilə milli alqoritmlərlə, tək operatorun nəzarətində avtonom şəkildə real sursatla hədəfləri tam dəqiqliklə vuraraq dünyada canlı sursatla sürü əməliyyatı sahəsində bir ilkə imza atmışdı.
STM-nin əsas alt podratçı kimi çıxış etdiyi, Türkiyə Donanmasına indiyədək 4 ədədi təhvil verilmiş ilk milli korvet layihəsi MİLGEM Ada sinfinə məxsus müxtəlif gəmilər də təlimin faktiki atış mərhələsində iştirak edir.
STM-nin sualtı qayıq inşa layihələri ilə yanaşı milli və müasir sistemlərlə modernləşdirdiyi sualtı qayıqlar da təlimdə vəzifə yerinə yetirir. Müdafiə Sənayesi Sərgisində STM-nin milli mühəndislik qabiliyyətlərini əks etdirən dəniz və insansız həllər yerli və xarici nümayəndələrə təqdim olunacaq.
STM-nin əsas podratçısı olduğu Türkiyənin ilk milli freqatı TCG İSTANBUL, ilk milli hücum qayığı, logistika dəstək gəmisi və insansız avtonom sualtı vasitə STM NETA 300 də stenddə nümayiş etdiriləcək.
İnsansız hava vasitələri sahəsində isə SAHA-2026 sərgisində ilk dəfə təqdim olunan məhsullar EFES-də göstəriləcək. Sınaq uçuşları davam edən 1000 kilometrdən çox mənzilli KAMİKAZE pilotsuz uçuş aparatı sistemi KUZGUN, düşmən kamikadze pilotsuz uçuş aparatlarını sıradan çıxarmaq üçün saatda 300 kilometr sürətə çata bilən “pilotsuz uçuş aparatı ovçusu” TUNGA-X, mini kəşfiyyat-müşahidə pilotsuz uçuş aparatı sistemi “TOGAN-Mini”, “KarguFPV” kamikadze sistemi, milli müşahidə pilotsuz uçuş aparatı TOGAN və 4 müxtəlif qitədə 15 ölkədə istifadə olunan milli kamikadze pilotsuz uçuş aparatı KARGU heyətlər tərəfindən yaxından izlənəcək.
STM baş direktoru Özgür Güleryüz bildirib ki, EFES təlimi Türkiyə Silahlı Qüvvələrinin yüksək əməliyyat qabiliyyətlərini və müdafiə sənayesinin çatdığı texnoloji səviyyəni dünyaya göstərən ən mühüm meydanlardan biri olaraq qalır.
O vurğulayıb ki, STM dəniz platformalarından tutmuş insansız sistemlərə qədər geniş sahədə hazırladığı milli həllərlə təhlükəsizlik qüvvələrinin yanında olmağa davam edəcək.
Sevinc Əliyeva
Ordu.az