Ordu.az xəbər verir ki, İzmirin Urla rayonu yaxınlığında lövbər salan TCG “Anadolu” üzərində həyata keçirilən fəaliyyətlərdə gəmidə xidmət edəcək hava vasitələri və amfibiya elementlərin əməliyyat hazırlığı göstərilib.
Tədbir çərçivəsində gəmidə yerləşdirilən “Bayraktar” TB3 pilotsuz uçuş aparatı texniki yoxlamaları başa çatdıqdan sonra hangardan lift sistemi ilə uçuş göyərtəsinə çıxarılıb. “Bayraktar” TB3-ün qısa uçuş-enmə zolağı olan dəniz platformalarından qalxıb enmə qabiliyyəti TCG “Anadolu”nun hava əməliyyatı konsepsiyasının əsas elementlərindən biri kimi önə çıxarılıb.
Təlimdə amfibiya dəniz piyadaları ZAHA vasitələrinə keçid edib, onların gəmidən sahilə zirehli və təhlükəsiz şəkildə daşınmasında həmin platformaların kritik rol oynadığı vurğulanıb.
Bundan başqa, amfibiya dəniz piyadalarının “Sikorsky SH-70 Seahawk” helikopterinə intiqalı təmin edilib, “Bell AH-1W Super Cobra” hücum helikopterinin pilotları isə gəmi üzərində enmə və qalxma məşqləri həyata keçirib.
TCG “Anadolu” üzərində aparılan fəaliyyətlər gəminin pilotsuz uçuş aparatı əməliyyatları, helikopter əməliyyatları, amfibiya çıxarma, zirehli vasitələrin yerləşdirilməsi və dəniz piyadalarının intiqalı kimi çoxsaylı tapşırıqları eyni platformadan yerinə yetirə bildiyini ortaya qoyub.
Türkiyənin ən böyük döyüş gəmisi olan TCG “Anadolu”nun bu qabiliyyətləri Türkiyə Silahlı Qüvvələrinə uzaq bölgələrdə əməliyyat, amfibiya fəaliyyət və pilotsuz uçuş aparatı yerləşdirmə sahələrində mühüm üstünlük verir.
Sevinc Əliyeva
Ordu.az