İndoneziya ilk “Rafale” döyüş təyyarələrini təhvil aldı

2026/05/1779121026.jpg
Oxunub: 375     20:16     18 May 2026    
İndoneziya Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi proqramı çərçivəsində Fransa istehsalı olan ilk “Dassault Rafale” döyüş təyyarələrini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə İndoneziya hökuməti məlumat yayıb.

Məlumata görə, ilk təhvil paketinə 6 ədəd “Rafale” döyüş təyyarəsi, 6 ədəd “Dassault Falcon 8X”, 2 ədəd “Airbus A400M Atlas” hərbi nəqliyyat təyyarəsi və “Meteor” “hava-hava” raket sistemləri daxil olub.

Təhvil verilən 6 “Rafale” Fransa ilə imzalanmış 42 döyüş təyyarəsini əhatə edən müqavilənin ilk mərhələsini təşkil edir.

İndoneziya rəsmiləri bildiriblər ki, razılaşma regionda artan təhlükəsizlik riskləri fonunda ölkənin hava hücumundan müdafiə imkanlarını və hərbi hazırlıq səviyyəsini gücləndirməyə yönəlib.

İki mühərrikli çoxməqsədli döyüş təyyarəsi olan “Rafale”nin hava üstünlüyü, kəşfiyyat, yaxın hava dəstəyi və strateji çəkindirmə tapşırıqlarında istifadə olunması planlaşdırılır.

Təyyarələrin İndoneziya Hərbi Hava Qüvvələrinin geniş ada zolaqları üzərində əməliyyat effektivliyini əhəmiyyətli dərəcədə artıracağı gözlənilir.

Məlumata görə, təhvil verilən “Falcon 8X” təyyarələri strateji daşınma və müşahidə tapşırıqlarında istifadə olunacaq.

“A400M Atlas” təyyarələri isə logistika dəstəyi, şəxsi heyət və yük daşınması, eləcə də sürətli yerləşdirmə tapşırıqlarını yerinə yetirəcək.

İlk təhvil paketinə daxil edilən “Meteor” uzaqmənzilli “hava-hava” raketlərinin İndoneziyanın hava döyüş imkanlarına ciddi töhfə verəcəyi bildirilir.

“Meteor” aktiv radar axtarış başlığı və yüksək “no-escape zone” qabiliyyəti ilə müasir dövrün ən qabaqcıl “hava-hava” raket sistemlərindən biri hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   Rafale  


Bizi "telegram"da izləyin