EFES-2026-da “Polad Günbəz” sahəyə çıxarıldı

2026/05/1779120798.jpg
Oxunub: 530     20:06     18 May 2026    
Türkiyənin təbəqəli hava hücumundan müdafiə arxitekturası olan “Polad Günbəz”in əsas elementləri ilk dəfə EFES-2026 Birgə Müştərək Döyüş Atışlı Səhra Təlimində eyni ssenari daxilində birlikdə fəaliyyət göstərir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin EFES-2026 üzrə keçirdiyi mətbuat brifinqində bildirilib.

Məlumata görə, uzunmənzilli SİPER, alçaq və orta hündürlükdə müdafiə üçün HİSAR-A və HİSAR-O, lüləli hava hücumundan müdafiə sistemi KORKUT, antidron həlli TOLGA və mini/mikro pilotsuz uçuş aparatlarının qarışdırılması sistemi İHTAR eyni hava hücumundan müdafiə arxitekturası altında nümayiş olunur.

Qeyd edilib ki, sistemlər “Hava Hücumundan Müdafiə mövqeyində “Polad Günbəz” arxitekturasının nümayiş fəaliyyəti” çərçivəsində istifadə ediləcək.

“Polad Günbəz” müxtəlif yüksəklik və mənzillərdə fəaliyyət göstərən sensorları, komanda-idarəetmə sistemlərini və qarşılayıcı elementləri vahid şəbəkə mərkəzli strukturda birləşdirməyi hədəfləyir.

EFES-2026 təlimində bu arxitekturanın əsas elementləri eyni vaxtda fəaliyyət göstərərək Türkiyənin inteqrasiya olunmuş hava və raketdən müdafiə imkanlarını nümayiş etdirəcək.

Bu çərçivədə SİPER uzunmənzilli regional hava və raketdən müdafiəni, HİSAR-A və HİSAR-O alçaq və orta hündürlükdə qorumanı, KORKUT yaxın mənzilli hava müdafiəsini, TOLGA və İHTAR isə mini və mikro pilotsuz uçuş aparatı təhdidlərinə qarşı radioelektron mübarizə və qarışdırma tapşırıqlarını yerinə yetirəcək.

Təlimdə BORAN 105 mm yüngül haubitsa, MEMATT, ASLAN insansız quru platforması, KARAOK, GÖKBEY helikopteri, “Bayraktar” TB3, “Bayraktar” AKINCI, GÖKBERK lazer silah sistemi, kamikadze qabiliyyətli sürü pilotsuz uçuş aparatları və MİLKAR radioelektron hücum sistemi də ilk dəfə istifadə olunacaq.

Brifinqdə bildirilib ki, “Bayraktar” TB3 TCG “Anadolu” gəmisindən havaya qalxacaq, “Bayraktar” AKINCI isə yaxın hava dəstəyi və kəşfiyyat tapşırıqlarında iştirak edəcək.

20 aprel-21 may tarixləri arasında keçirilən EFES-2026 təliminə 50 ölkədən ümumilikdə 10 min 388 nəfər qatılır. Onlardan 1305-i dost və müttəfiq ölkələrin nümayəndələridir.

Bundan əlavə, müdafiə sənayesi sərgisində 55 müdafiə şirkəti və 16 dövlət qurumu iştirak edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: EFES-2026   Polad-Günbəz  


Bizi "telegram"da izləyin