Ordu.az xəbər verir ki, bu barədə “Intelligence Online” nəşri məlumat yayıb.
Məlumata görə, mümkün razılaşma Türkiyənin Fransa-İtaliya istehsalı olan SAMP/T “Mamba” hava hücumundan müdafiə sistemini almasına və birgə istehsalına yol aça bilər.
Bildirilib ki, razılaşma NATO-nun iyul ayında Ankarada keçiriləcək sammitinin gündəliyinə daxil edilə bilər.
Nəşr qeyd edib ki, Türkiyə ərazisində SAMP/T zenit-raket kompleksinin birgə istehsalı ilə bağlı planlar illərlə davam edən gecikmələrdən sonra artıq real görünməyə başlayıb.
SAMP/T sistemi “Eurosam” konsorsiumuna daxil olan “MBDA France”, “MBDA Italy” və “Thales” tərəfindən hazırlanıb.
Kompleks qoşunların və strateji obyektlərin təyyarələrdən, qanadlı və ballistik raketlərdən qorunması üçün nəzərdə tutulub.
Sistem uzun müddətdir ki, Türkiyə üçün Avropa alternativi kimi qiymətləndirilir. Bu, Ankaranın 2017-ci ildə Rusiyadan S-400 zenit-raket kompleksləri alması səbəbindən ABŞ və NATO müttəfiqləri ilə yaşadığı böhrandan sonra gündəmə gəlib.
Vaşinqton Türkiyəni F-35 “Lightning II” proqramından çıxarmış və Rusiya sisteminin NATO texnologiyalarına təhlükə yarada biləcəyini bildirmişdi.
Ankara isə müttəfiqlərdən uyğun şərtlərlə analoji sistem ala bilmədiyi üçün Rusiyaya müraciət etdiyini bəyan etmişdi.
2017-ci ildə Türkiyə, Fransa və İtaliya hava hücumundan müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi və SAMP/T layihəsinin inkişafı ilə bağlı niyyət memorandumu imzalayıb.
Lakin sonradan Suriya, Liviya, Şərqi Aralıq dənizi və Rusiyayla əlaqələr səbəbindən Ankara ilə Paris arasında yaranmış siyasi fikir ayrılıqları fonunda layihə dondurulub.
Məlumata görə, Türkiyə hazırda “Polad Günbəz” adlı təbəqəli hava hücumundan müdafiə sistemi yaratmağa çalışır. Bu konsepsiya milli sistemlərlə yanaşı xarici platformaların da inteqrasiyasını nəzərdə tutur.
“Bloomberg” daha əvvəl Türkiyənin İtaliya ilə SAMP/T sisteminin alınması və birgə istehsalı barədə danışıqlar apardığını yazmışdı.
Son məlumatlar isə Fransanın yenidən layihənin əsas iştirakçılarından birinə çevrildiyini göstərir.
Danışıqlar Fransanın son dövrlərdə Yunanıstanla müdafiə sazişini yeniləməsi və Ermənistana siyasi dəstək verməsinə baxmayaraq davam edir.
Bununla yanaşı, SAMP/T üzrə mümkün razılaşma və Türkiyənin pilotsuz uçuş aparatı istehsalçısı BAYKAR ilə Fransanın SAFRAN şirkəti arasındakı yeni layihələr tərəflər arasında yaxınlaşma prosesinə işarə edir.
Bu proses Avropada silah çatışmazlığı, Ukraynadakı müharibə, Yaxın Şərqdəki qeyri-sabitlik və ABŞ-nin Avropa üçün təhlükəsizlik təminatları ilə bağlı qeyri-müəyyənlik fonunda baş verir.
Sevinc Əliyeva
Ordu.az