İran prezidenti: “Biz təslim olmayacağıq”

2026/05/1779118931.jpg
Oxunub: 382     19:38     18 May 2026    
İran prezidenti Məsud Pezeşkian ölkəsinin heç bir gücə boyun əyməyəcəyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Pezeşkian bildirib ki, düşmən İranı diz çökdürə bilmədiyi üçün indi xalqla hakimiyyət arasında parçalanma yaratmağa çalışır.

“Biz təslim olmayacağıq. Mən heç vaxt heç bir güc qarşısında əyilməyəcəyəm. Rahatlıq və şəxsi dünyəvi istəklər naminə ölkənin ləyaqətini qurban verməyəcəyik. Lakin ölkə müdriklik və uzaqgörənliklə idarə olunmalıdır”, - deyə o bildirib.

İran prezidenti düşmənlərin İslam İnqilabının rəhbəri ayətullah Seyid Əli Xameneyini heç bir hüquqi əsas olmadan öldürdüyünü iddia edib.

O qeyd edib ki, iranlı komandirlər, nazirlər, alimlər və günahsız tələbələr də öldürülüb.

Pezeşkian insan hüquqları və beynəlxalq hüquqa sadiqlik bəyan edən dövlətlərin bu hadisələrə müdaxilə etmədiyini vurğulayıb.

“Onlar bunu hamıya qarşı edirlər. Qəzzaya və Fələstinə baxın, hansı vəhşilikləri törədirlər. Amerika mediası isə bunu özünümüdafiə kimi təqdim edir”, - deyə İran prezidenti bildirib.

O əlavə edib ki, soyqırımı “özünümüdafiə” adlandırırlar, çünki gücə sahibdirlər.

Pezeşkian həmçinin bildirib ki, ABŞ və İsrail fevralın 28-də İran əleyhinə təxribatsız müharibəyə başlayıb.

Onun sözlərinə görə, İran silahlı qüvvələri 40 gün ərzində 100 dalğa əks-hücum həyata keçirərək ABŞ və İsrailin hərbi obyektlərinə zərbələr endirib.

Prezident Pakistanın vasitəçiliyi ilə aprelin 8-də iki həftəlik atəşkəs əldə olunduğunu, lakin Vaşinqtonun öhdəliklərini yerinə yetirəcəyinə inamsızlıq səbəbindən İran nümayəndə heyətinin Tehrana razılaşmasız qayıtdığını bildirib.

Pezeşkian vurğulayıb ki, İran üçün atəşkəslə bağlı danışıqlara qayıdış yalnız ABŞ-nin dəniz blokadasını aradan qaldıracağı halda mümkün ola bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Pezeşkian  


Bizi "telegram"da izləyin