Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, strategiya təhlükəsizlik də daxil olmaqla ümumi çağırışlara cavab tədbirlərinin koordinasiyasına yönəlib.
Avropa İttifaqına üzv olmayan Norveç artıq strategiyada iştirak edən İsveç, Danimarka, Estoniya, Finlandiya, Almaniya, Latviya, Litva və Polşaya qoşulacaq.
Norveç xarici işlər naziri Espen Bart Eyde bildirib ki, bu üzvlük Norveçin Avropa İttifaqı ilə əməkdaşlığını Avropa və Norveç təhlükəsizliyi baxımından mərkəzi əhəmiyyət daşıyan regionda daha da gücləndirəcək.
Qeyd olunub ki, Ukraynadakı müharibədən sonra Baltik dənizi regionu yüksək hazırlıq vəziyyətinə gətirilib. Buna səbəb sualtı elektrik ötürücü kabellərin, telekommunikasiya xətlərinin və qaz kəmərlərinin sıradan çıxması olub.
Eydenin sözlərinə görə, strategiyada iştirak dəniz əməkdaşlığı, müşahidə və təhlükəsizliyin təmin olunması sahələrində yeni imkanlar yaradır.
Baltik regionu üzrə Avropa İttifaqı strategiyası 2009-cu ildə yaradılıb. Strategiyanın məqsədi ümumi problemlər üzrə əməkdaşlığı gücləndirmək, daha ekoloji dayanıqlı, rəqabətqabiliyyətli və davamlı region formalaşdırmaqdır.
Sənədin əsas məqsədləri arasında regionda təhlükəsiz gəmiçilik və sabit enerji bazarlarının təmin olunması da yer alır.
Sevinc Əliyeva
Ordu.az