Ordu.az xəbər verir ki, Tamaş Şuyok bu barədə “index.hu” portalına müsahibəsində danışıb.
“Hazırda məni istefaya məcbur edə biləcək heç bir hüquqi və ya konstitusion əsas yoxdur”, - deyə Şuyok bildirib.
O qeyd edib ki, prezidentlik müddəti başa çatanadək vəzifəsini icra edəcək.
“Mən əsas qanuna və konstitusion quruluşun müdafiəsinə and içmişəm. Bu and məni yalnız siyasi çoxluq və ya azlıqla deyil, bütün xalqla bağlayır”, - deyə o vurğulayıb.
Şuyok bildirib ki, prezident səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş ictimai və siyasi tendensiyalar mövcuddur, lakin istefa üçün konstitusion əsas yoxdur.
Daha əvvəl Peter Macar prezidenti könüllü şəkildə mayın 31-dək istefa verməyə çağırmışdı.
Macar hesab edir ki, Şuyok əvvəlki hökumətin siyasi, ictimai və maliyyə sahələrində yol verdiyi sui-istifadələrin qarşısını almadığı üçün vəzifəsində qalmaq hüququna malik deyil.
Macarıstan qanunvericiliyinə əsasən prezident parlament tərəfindən 5 il müddətinə seçilir və indiyədək heç bir yeni hökumət prezidentin istefasını tələb etməyib.
Şuyok 2024-cü ildə dövlət başçısı seçilib.
Hazırda Macarıstanda prezidentə dəstək məqsədilə imzatoplama kampaniyasına başlanılıb. Keçmiş baş nazir Viktor Orban və onun “FIDES - Macarıstan Vətəndaş Birliyi” partiyası da Şuyoku müdafiə edib.
Onların fikrincə, yeni baş nazirin bu tələbləri təhlükəli presedent yaradır, hakimiyyətin ələ keçirilməsinə aparır və ölkə konstitusiyasına ziddir.
Sevinc Əliyeva
Ordu.az