Ordu.az xəbər verir ki, bu barədə “The Nation” nəşrinin müəllifi Maykl Kleyr yazıb.
Müəllif vurğulayıb ki, 2026-cı il fevralın 28-də İrana qarşı başlanan genişmiqyaslı hava və raket zərbələri əməliyyatı əvvəlcədən ölkənin hərbi və nüvə potensialını sürətlə məhv etməyə və hakimiyyət dəyişikliyinə nail olmağa hesablanmışdı.
ABŞ administrasiyasının İranın hərbi infrastrukturunun böyük hissəsinin “zərərsizləşdirildiyi” və ciddi ziyan gördüyü barədə açıqlamalarına baxmayaraq, əsas məqsədlər yerinə yetirilməyib. Siyasi rejim qorunub saxlanılıb, nüvə imkanları, o cümlədən zənginləşdirilmiş uran ehtiyatları isə gözlənilməz amil olaraq qalır.
Kleyrin sözlərinə görə, münaqişənin hərbi nəticələri kifayət qədər ziddiyyətlidir.
“Bir tərəfdən ABŞ və müttəfiqləri İranın hərbi infrastrukturuna genişmiqyaslı zərbələr endirib, minlərlə obyekti hədəfə alıb və ciddi dağıntılar törədiblər.
Digər tərəfdən İran cavab əməliyyatları aparmaq qabiliyyətini qoruyub saxlayıb, o cümlədən regionda yerləşən ABŞ obyektlərinə zərbələr endirib və strateji əhəmiyyət daşıyan Hörmüz boğazını bloklayıb. Bu isə öz növbəsində qlobal enerji böhranına gətirib çıxarıb, neft və mayeləşdirilmiş təbii qaz tədarükünü pozub.
Bu da dünya bazarlarını və logistika zəncirlərini sarsıdıb”, - deyə məqalədə qeyd olunub.
Məqalədə münaqişənin İran, Livan və İsrailin mülki əhalisi üçün ağır insan və maddi nəticələrinə, həmçinin regionun enerji və nəqliyyat sistemlərinin iflic vəziyyətinə xüsusi diqqət yetirilib.
Əlavə təzyiq amili kimi ABŞ-nin hava hücumundan müdafiə sistemləri və raket ehtiyatlarının tükənməsi göstərilir ki, bu da Rusiya və Çinlə mümkün toqquşmalar daxil olmaqla digər strateji istiqamətlərdə potensial risklər yaradır.
Məqalə müəllifi yeni hava zərbələrindən Hörmüz boğazının dəniz blokadasına və ya İran daxilində xüsusi əməliyyat cəhdlərinə qədər ABŞ-nin gələcək addımlarının mümkün ssenarilərini təhlil edib.
Bu variantların hamısı son dərəcə riskli qiymətləndirilir, çünki onlar daha böyük eskalasiyaya, itkilərin artmasına və qlobal səviyyədə uzunmüddətli böhrana səbəb ola bilər.
Yekun qiymətləndirmədə münaqişə strateji baxımdan əlverişsiz və potensial olaraq “perspektivsiz” kimi xarakterizə olunur.
Sonrakı eskalasiya ABŞ-nin siyasi məqsədlərinə nail olacağına zəmanət vermir, lakin iqtisadi sarsıntıları, inflyasiyanı və qeyri-sabitliyi demək olar ki, qaçılmaz şəkildə dərinləşdirir, eyni zamanda ABŞ-nin həm hərbi, həm də siyasi xərclərini artırır.
Sevinc Əliyeva
Ordu.az