MKE SAHA 2026-da 52 yeni sistemi təqdim edib

2026/05/1778430525.jpg
Oxunub: 453     20:27     10 May 2026    
“Makine ve Kimya Endüstrisi AŞ” (MKE) SAHA 2026-da dəniz döyüş sistemlərindən hava hücumundan müdafiəyə, kamikadze insansız dəniz platformalarından lazer silahlarına qədər geniş məhsul ailəsini nümayiş etdirib.

Ordu.az xəbər verir ki, MKE-nin baş direktoru İlhami Keleş “SavunmaSanayiST.com”a özəl açıqlamasında şirkətin sərgidə ümumilikdə 52 yeni məhsulla iştirak etdiyini bildirib.

Nümayiş etdirilən sistemlər arasında MALAMAN ağıllı dəniz minası, PİRANA kamikadze insansız dəniz platforması, TOLGA hava hücumundan müdafiə sistemi, ENFAL-17 hava hücumundan müdafiə raketi, lazer silah sistemi və yeni nəsil KBRN həlləri ön plana çıxıb.

MKE-nin baş direktoru İlhami Keleş MALAMAN dəniz minası ilə bağlı açıqlamasında sistemin klassik mina konsepsiyasından fərqli səviyyəyə keçdiyini bildirib.

Keleş deyib: “MALAMAN hazırda ən qabaqcıl texnologiyalı minadır. 50-100 metr dərinliklərdə gözləyir. Bu mina havadan atıla, suüstü gəmilər vasitəsilə yerləşdirilə və ya sualtı qayıqla buraxıla bilər və yerləşdirildiyi yerdə gözləyir”.

Sistemin dost-düşmən ayırd etmə qabiliyyətinə malik olduğunu bildirən Keleş qeyd edib: “Üzərindən keçən gəmiləri ayırd edə bilir. Hər gəminin özünəməxsus sonar izi var. Bu sonar izlərini öz kitabxanasındakı məlumatlarla müqayisə edir”.

MALAMAN-ın yeddi fərqli sensordan istifadə etdiyini bildirən Keleş sensor birləşməsi sayəsində hədəf təsnifatının həyata keçirildiyini deyib.

Tamamilə passiv sensorlarla işlədiyi üçün sistemin sonar izi buraxmadığını ifadə edən Keleş minanın müəyyən müddətdən sonra dəniz dibinə təbii şəkildə uyğunlaşaraq aşkarlanmasının daha da çətinləşdiyini bildirib.

MALAMAN-ın real partlayış sınaqlarının Hərbi Dəniz Qüvvələri ilə birlikdə həyata keçirildiyi və artıq seriyalı istehsal mərhələsinə keçdiyi açıqlanıb.

PİRANA-da sürü texnologiyası və süni zəka

MKE-nin kamikadze insansız dəniz platforması PİRANA da sərginin ən diqqətçəkən platformalarından biri olub.

Keleş sistemin TCG ANADOLU üzərində TB3 və SATCOM infrastrukturu ilə sınaqdan keçirildiyini bildirərək deyib:

“Artıq özünü sübut etmiş məhsuldur və inventara daxil edilir”.

Aşağı radar izinə malik platformanın F-35 “Lightning II” bənzəri dizayn yanaşmasına sahib olduğunu bildirən Keleş qeyd edib: “Burada sürü texnologiyası, süni zəka ilə hədəf analizi var və məhsul avtonom şəkildə hara çırpılacağına özü qərar verərək dəqiq zərbə endirmə qabiliyyətinə malikdir”.

Təxminən 100 kiloqram partlayıcı daşıyan sistemin yüksək sürətə çıxa bildiyi, asan istehsal edilə bilən quruluşda hazırlandığı və radar görünürlüğünü minimuma endirəcək şəkildə dizayn edildiyi bildirilib.

Keleş əlavə edib ki, PİRANA yalnız məhv etmə məqsədilə deyil, düşmən gəmilərini “kor, kar və hərəkətsiz qoymaq” məqsədilə optimallaşdırılıb.

Sistem çərçivəsində saxta hədəf konsepsiyasının da hazırlandığını bildirən Keleş real kamikadze vasitələrinin aşağı radar izi ilə irəlilədiyini, saxta platformaların isə radar görünürlüğünün artırılaraq düşməni aldatmaq məqsədi daşıdığını qeyd edib.

TOLGA-nın dəniz versiyası ilk dəfə detallandırıldı

MKE TOLGA hava hücumundan müdafiə sisteminin dəniz platformalarına inteqrasiya edilən yeni versiyasını da SAHA 2026-da nümayiş etdirib.

Sistemdə AESA radar, süni zəka dəstəkli komanda-idarəetmə infrastrukturu və cüt lüləli 20 mm yaxın hava hücumundan müdafiə silah sistemi yer alır.

Keleş deyib: “Onlardan biri dəqiqədə 1600 mərmi atır. İkisini yerləşdirdiyimiz zaman 3200 mərmi edir, yəni “Phalanx”a bərabər gücə çevrilir”.

Sistemin xüsusilə kamikadze pilotsuz uçuş aparatları və saturasiya hücumlarına qarşı hazırlandığını bildirən Keleş AESA radar və optik izləmə sistemləri sayəsində hədəflərin gecə-gündüz izlənə bildiyini vurğulayıb.

Dəniz Qüvvələri Komandanlığının tələbi əsasında hazırlanan sistemin “Beykoz” gəmisinə inteqrasiya edildiyi və atış sınaqlarının tamamlandığı açıqlanıb.

ENFAL-17: “Bənzərlərinə görə səkkizdə bir daha ucuzdur”

MKE-nin SAHA 2026-da ilk dəfə nümayiş etdirdiyi sistemlərdən biri də ENFAL-17 hava hücumundan müdafiə raketi olub.

TOLGA komanda-idarəetmə sistemi ilə inteqrasiya edilmiş ENFAL-17-nin “Şahid” tipli kamikadze pilotsuz uçuş aparatları, “stand-off” sursatları, hücum helikopterləri və aşağı hündürlüklü hava təhdidlərinə qarşı hazırlandığı bildirilib.

Keleş deyib: “30 min feetdən aşağıdakı bütün hava təhdidlərinə qarşı tədbirdir və çox ucuz tədbirdir. Bənzərlərinə görə səkkizdə bir daha ucuzdur”.

Sistemin hündürlük sınaqlarının tamamlandığı və yaxın zamanda dəqiqlik sınaqlarına başlanacağı açıqlanıb.

MKE-dən yeni nəsil lazer silahı

Sərgidə ön plana çıxan sistemlərdən biri də MKE-nin hazırladığı lazer silah sistemi olub.

Keleş sistemdə klassik “servo” infrastrukturu əvəzinə xətti mühərrik texnologiyasından istifadə edildiyini bildirərək bunun çox həssas hədəf izləmə imkanı yaratdığını deyib.

Sistemin xüsusilə FPV pilotsuz uçuş aparatı təhdidlərinə qarşı hazırlandığı və dörd fərqli lazer mənbəyinin birlikdə işlədiyi bildirilib.

Keleş deyib: “Mühərrik heç dayanmadan işləyir və 360 dərəcəni üç gündə tamamlaya bilir. Piksel sayını təsəvvür edin. O qədər həssasdır”.

Lazer sisteminin AESA radar və optik izləmə sistemlərindən gələn məlumatları birləşdirərək hədəf üzərində həssas kilidlənmə həyata keçirdiyi bildirilib.

Yerli 76 mm dəniz topunda seriyalı istehsal

MKE yerli 76 mm dəniz topu layihəsindəki son vəziyyəti də bölüşüb.

İlhami Keleş hazırda 31 ədədlik sifariş həcminə çatıldığını və onuncu sistemin sınaqlarını uğurla tamamladığını açıqlayıb.

Dəqiqədə 80 sursat atış sürətinə malik sistem üçün xüsusi istehsal zavodunun Mamakda qurulduğu bildirilib.

Qəlpəli sursat və “proximity” (yaxınlaşmalı) alışdırıcı inkişaf etdirmə işlərinin davam etdiyi, sistemin hava bazalarının “Şahid” tipli pilotsuz uçuş aparatlarına qarşı qorunmasında da istifadə edilməsinin planlaşdırıldığı açıqlanıb.

KBRN sahəsində “ağıllı qoruyucu sistem” dövrü

MKE-nin sərgidə diqqət çəkən sahələrindən biri də yeni nəsil KBRN həlləri olub.

Tamamilə yerli imkanlarla hazırlanan sistemlərdə başlıq, maska, tənəffüs sistemi, geyim, əlcək və ayaqqabı qoruma komponentləri vahid inteqrasiya olunmuş struktur altında hazırlanıb.

Sistemlərdə həmçinin temperatur, rütubət, sağlamlıq vəziyyəti və hərəkət izləməsi həyata keçirə bilən sensorlar mövcuddur.

MKE-nin AR-GE direktoru Ertuğrul Bülbül deyib: “Əsgər yıxıldığı, yaralandığı və ya hərəkətsiz qaldığı zaman xəbərdarlıq verəcək sensorlar olacaq”.

KBRN geyimlərində qısa məsafəli rabitə, situasiya məlumatlılığının paylaşılması və təhdid aşkarlama infrastrukturlarının da yer aldığı bildirilib.

MKE həmçinin bioloji təhdidləri aşkarlaya bilən pilotsuz uçuş aparatı sistemləri və KBRN tapşırıqları üçün hazırlanan robot it layihələri üzərində çalışdığını açıqlayıb.

BORAN-ın nəqliyyat vasitəsi üzərindəki versiyası sahədədir

MKE BORAN haubitsasının nəqliyyat vasitəsi üzərindəki versiyasını da SAHA 2026-da nümayiş etdirib.

Atış sınaqlarının uğurla tamamlandığı bildirilən sistemin xüsusilə yüksək mobillik ehtiyacı olan istifadəçilər üçün hazırlandığı qeyd olunub.

Keleş sistemin Cənubi Koreya və Fransa kimi ölkələrin oxşar həlləri ilə rəqabət aparacaq səviyyəyə çatdığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKE   SAHA-2026  


Bizi "telegram"da izləyin