Erməni politoloq: “Öz ölkəsi üçün ən güclü mesajları sammitə onlayn qoşulan İlham Əliyev verib”

2026/01/1769754996.jpg
Oxunub: 354     10:32     06 May 2026    
“Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin zirvə toplantısı Ukraynaya yardım etmək və Rusiya-Ukrayna münaqişəsinə çevik reaksiya vermək məqsədilə yaradılmış qeyri-formal platformadır”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

Onun sözlərinə görə, bu zirvə toplantısı ilə Ukrayna məsələsi bir-biri ilə sıx bağlıdır və Ukrayna Prezidenti Volodimir Zelenskinin burada görünməsi təsadüfi deyil.

“Zirvə toplantısı Ermənistanda hakimiyyətin xahişi ilə, seçkilər öncəsi PR məqsədilə təşkil olunub. Bununla cəmiyyətə “baxın, biz Avropaya gedirik, Avropa da Ermənistana gəlib” mesajı verilmək istənilib və bir çox insan buna inanır. Makron üçün bu toplantının əhəmiyyətini başa düşmək olar, çünki Fransa Kilikya krallığından başlayaraq Ermənistanla tarixi əlaqələrə malikdir və Fransa Prezidenti də ölkəsindəki erməni icmasını nəzərə alaraq bu münasibəti qoruyur”, - deyə o bildirib.

Lakin Danielyan sual edir ki, bu toplantı niyə digər ölkələr üçün vacib idi.

O vurğulayıb ki, bu, Avropa məkanı xaricində, həm Avrasiya İqtisadi Birliyinin, həm də KTMT-nin üzvü olan ölkədə keçirilən ilk belə sammit idi.

“Avropa bununla Rusiyaya mesaj göndərərək “bax, biz sənin məkanına gəlmişik, həm AİB, həm də KTMT üzvü olan ölkənin ərazisində belə tədbir keçiririk” demək istəyib”, - deyə erməni politoloq vurğulayıb.

O qeyd edib ki, burada açıq anti-Rusiya mesajları da səsləndirilib: “Bu həm də ABŞ-yə ünvanlanan mesaj idi, çünki Vaşinqton TRIPP (Zəngəzur dəhlizi-red.) vasitəsilə xammal baxımından mühüm olan Mərkəzi Asiyaya daxil olmağa çalışır. Bu həm Şərq-Qərb marşrutları, həm də Çin-Türkiyə-Avropa xətti üzərində nəzarət uğrunda rəqabətlə bağlıdır”.

Erməni politoloq bildirib ki, Ermənistan rəhbərliyi üçün əsas məsələ Nikol Paşinyanın yenidən seçilməsidir.

“Ermənistan Rusiyadan zərbə alsa belə, bu, hakim qrup üçün həlledici deyil. Bu adam və bu qrup üçün əsas olan özlərini yenidən istehsal etməkdir. Mən düşünürəm ki, sonradan bu baş nazir Rusiya prezidentinin yanına gedəcək, altı imzalanmış ağ vərəq verəcək və deyəcək: qalanını özün yaz, nə istəyirsənsə, verəcəyəm”, - deyə Danielyan bildirib.

Paşinyanın mayın 9-da Moskvaya gedib-getməyəcəyi ilə bağlı suala cavab verən erməni politoloq bunun Avropa sammitini kompensasiya etmək üçün istifadə oluna biləcəyini istisna etməyib. O, Paşinyanı prinsip, etik və estetik normaları olmayan siyasətçi kimi xarakterizə edib və onun hər şeyə qadir olduğunu söyləyib.

Danielyan Ani körpüsünün açılması və Ermənistan-Türkiyə münasibətlərinə də toxunub.

“Türkiyəli rəsmilər həmişə Ermənistanla münasibətləri Ermənistan-Azərbaycan münasibətləri ilə əlaqələndiriblər. Türkiyə Ermənistanla hansısa addım atmadan əvvəl Azərbaycanın razılığını almalıdır. Bakı Ermənistanın Türkiyə ilə münasibətlər quraraq öz təsirindən çıxmasını istəmir. Real addımlar mümkün olmadığından simvolik addımlarla kifayətlənirlər. Ani körpüsü tarixi simvoldur və bu mövzuda atılan addımlar da daha çox simvolik xarakter daşıyır, lakin real nəticə vermir”, - deyə Danielyan qeyd edib.

Erməni politoloq hesab edir ki, İrəvanda keçirilmiş Avropa sammitlərinin də real nəticəsi yoxdur və əgər onlar baş verməsəydi, əslində heç nə dəyişməzdi.

“Bu tədbirlər Ermənistana nə siyasi, nə iqtisadi, nə kommunikasiya, nə təhlükəsizlik baxımından kapital qazandırır. Həm ABŞ, həm də Avropa İttifaqı bütün sənədlərdə üzərlərinə heç bir öhdəlik götürmədiklərini xüsusi vurğulayırlar. İmzalanan sənədlərin əksəriyyəti əslində sadəcə niyyət sənədləridir və heç nəyi məcburi etmir. İrəvanda son iki-üç gündə baş verənlər bir teatr və şou idi, burada hər iştirakçı öz problemini həll edirdi.

Makron da öz növbəsində Fransadakı aşağı reytinqini nəzərə alaraq xarici siyasətdə aktivlik göstərməklə təsir qazanmağa çalışır. Öz ölkəsi üçün ən güclü mesajları isə sammitə onlayn qoşulan İlham Əliyev verib”, - deyə Danielyan qeyd edib.

Danielyanın sözlərinə görə, İlham Əliyev Avropa Şurası ilə problemlərinin olduğunu açıq deyib, quruma xəbərdarlıq edib, Azərbaycana qarşı ikili standartlardan danışıb.

Erməni politoloq əlavə edib ki, bütün bunlardan sonra Ermənistan rəhbərliyi və rəsmiləri heç bir cavab verməyiblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Stepan-Danielyan   Ermənistan  


Bizi "telegram"da izləyin