Ordu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda "Caspian Agro Week" çərçivəsində keçirilən V Aqrobiznesin İnkişafı Forumunda bildirib.
Onun sözlərinə görə, iqlim dəyişiklikləri kənd təsərrüfatına çox ciddi təsir göstərir: "Amma məsələ bununla bitmir. Kənd təsərrüfatı özü də bu prosesin bir hissəsidir. Bu sektor qlobal istixana qazı emissiyalarının təxminən dörddə birini təşkil edir. Bu isə o deməkdir ki, kənd təsərrüfatı həm risklərlə üzləşən, həm də bu riskləri formalaşdıran əsas səbəblərə çevrilir. Buna görə də uyğunlaşma tədbirləri ilə yanaşı karbon emissiyalarının azaldılması da xüsusi əhəmiyyət daşıyır".
O əlavə edib ki, eyni zamanda, son dövrlərdə müxtəlif regionlarda baş verən münaqişələr də ətraf mühitə əlavə təzyiq yaradır: "Bu proseslər torpaq örtüyünün pozulmasına səbəb olur, toz və digər atılmaların atmosferə yayılmasını artırır. Bu təsirlər artıq daha geniş ərazilərdə, o cümlədən qonşu regionlarda da hiss olunur. Çay və dəniz ekosistemləri də bu proseslərin təsirinə məruz qalır. Belə hallar təbii proseslərə əlavə təsir göstərir".
Ordu.az