Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Jurnalist Makronun daha əvvəl xarici müdaxilələrin yolverilməzliyi barədə açıqlamalarını xatırladaraq, xüsusilə Rusiyanın mümkün müdaxiləsi ilə bağlı fikirlərinə toxunub və seçkilərə bir ay qalmış Ermənistanın baş naziri Nikol Paşinyana açıq dəstəyin ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyini soruşub.
“Ermənistanda keçiriləcək seçkilərdən əvvəl rus müdaxiləsindən danışdınız, seçkilərə bir ay qalmış baş nazirə dəstək verirsiniz, bu dəstəyiniz də xarici müdaxilə deyilmi?” - deyə jurnalist bildirib.
Ermənistanın “Past” nəşri yazır ki, sualın qoyuluşu özü diqqətəlayiqdir, çünki bu fikir xarici müşahidəçilərdən deyil, məhz fransız informasiya məkanının nümayəndəsi tərəfindən səsləndirilib.
Makron suala cavab olaraq bildirib ki, onun addımlarını müdaxilə kimi qiymətləndirmək olmaz və bu, tərəfdaşlıq dəstəyi, həmçinin demokratik dəyərlərin müdafiəsi kimi qəbul edilməlidir.
“Lakin bu izah müzakirələri dayandırmayıb, əksinə mövzunun həssaslığını daha da ön plana çıxarıb. Siyasi və ekspert dairələrində belə vəziyyətlər çox vaxt yalnız bəyanatlar səviyyəsində deyil, həm də onların arxasında dayanan mümkün maraqlar prizmasından nəzərdən keçirilir. Ermənistan halında da Fransanın ölkədəki iqtisadi mövcudluğunun siyasi vurğuların formalaşmasına təsir göstərə biləcəyi barədə fikirlər səsləndirilir.
Xüsusilə, su təchizatı sahəsində fəaliyyət göstərən “Veolia” şirkətinin fəaliyyəti diqqət mərkəzinə çəkilir və son illərdə onun ətrafında vaxtaşırı tənqidlər səsləndirilir. Bu kontekstdə daha geniş bir müzakirə formalaşır, tərəfdaş dəstəyi ilə daxili işlərə müdaxilə arasındakı sərhəd haradan keçir sualı ortaya çıxır. Sual, xüsusilə siyasi bəyanatların konkret iqtisadi maraqlarla üst-üstə düşdüyü və seçki proseslərinin xarici diqqətin mərkəzinə çevrildiyi şəraitdə açıq olaraq qalır”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az