Tbilisinin aydın mesajı: Gürcüstan niyə “Abxaziya dəmir yolu” variantını rədd edir?

2026/05/1778007679.jpg
Oxunub: 527     23:08     05 May 2026    
TRIPP (Zəngəzur dəhlizi) layihəsinin tənqidçiləri iki alternativ təklif edirlər. “Erməni Milli Konqresi” partiyası hesab edir ki, paralel olaraq Ermənistan-İran dəmir yolu inaş edilməlidir. Ermənistanın ikinci prezidenti Robert Köçəryan isə düşünür ki, Rusiya və Gürcüstanla aparılacaq danışıqlar nəticəsində “Abxaziya dəmir yolu”nun yenidən istifadəyə verilməsinə nail olmaq və Ermənistanın blokadadan çıxarılması məsələsini həll etmək, yəni Rusiya ilə birbaşa əlaqə yaratmaq mümkündür.

Bu məsələ ilə bağlı Gürcüstan mətbuatında dərc olunan materiallara münasibət bildirən Gürcüstan hökuməti təxminən bir ay əvvəl qısa açıqlama yayaraq ictimaiyyəti belə bir məsələnin “müzakirə olunmadığı”na inandırıb.

Görünür, Gürcüstanda “gərginlik hələ də davam edir”. İqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvarivişvili hökumətin “Tarixi yenilənmə” proqramını açıqlayıb. Proqrama əsasən yaxın zamanda 50 lokomotiv və 1500 vaqonun alınması planlaşdırılır.

Dəmir yolu infrastrukturlarının yenilənməsindən danışan Kvarivişvili Tbilisi-Kars, Tbilisi-Kutaisi və Tbilisi-Axaltsixe marşrutlarını qeyd edib. Bu baxımdan Gürcüstan hökumətinin “Abxaziya dəmir yolu”nun yenidən istifadəyə verilməsi niyyəti yoxdur.

Prinsip etibarilə bu məsələ həllolunmaz olaraq qalır, çünki söhbət Gürcüstanın ərazi bütövlüyü və suverenliyindən gedir. Bir mərhələdə dəmir yolunun bərpası və gömrük tənzimləmələrinin Gürcüstan qanunvericiliyinə uyğun olaraq neytral ölkəyə həvalə edilməsi variantı müzakirə olunsa da, yekun razılıq əldə olunmayıb.

Ermənistanın ikinci prezidenti Robert Köçəryan, görünür, “Abxaziya dəmir yolu”nun yenidən istifadəyə verilməsi imkanını Rusiya ilə Gürcüstan arasındakı münasibətlərlə əlaqələndirir, lakin qondarma “Abxaziyanın statusu” məsələsində rəsmi Tbilisinin mövqeyi dəyişməz olaraq qalır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tbilisi   Gürcüstan   Abxaziya  


Bizi "telegram"da izləyin