“ATƏT regionda aktuallığını itirib” - Fərhad Məmmədov

2026/05/1778002320.jpg
Oxunub: 391     21:28     05 May 2026    
“ATƏT region səviyyəsində aktuallığını itirib və uzun illər ərzində münaqişənin həlli ilə bağlı real nəticə əldə olunmayıb”.

Ordu.az xəbər verir ki, bu barədə azərbaycanlı politoloq Fərhad Məmmədov 2026-cı il mayın 5-də “İrəvan Dialoqu-2026” beynəlxalq konfransında bildirib.

Onun sözlərinə görə, beynəlxalq təhlükəsizlik sisteminə cavabdeh olan dövlətlər də 2020-ci ildən sonrakı vəziyyəti effektiv şəkildə idarə edə bilməyib.

“Əvvəlcə Rusiya, daha sonra Avropa İttifaqı və Bayden administrasiyasının vasitəçiliyi uğurlu nəticə vermədi. Nəticədə ikitərəfli format yeganə effektiv seçim oldu. Bu günlərdə İrəvanda keçirilən Avropa Siyasi Birliyi görüşü gələcəkdə yeni dialoq platformasına çevrilə bilər. Bu format Avropa İttifaqı üzvü olan ölkələr və onların qonşuları arasında əməkdaşlıq üçün nəzərdə tutulur. Onun institusionallaşması Ukraynaya qarşı müharibədən sonra mümkün ola bilər. Eyni zamanda Avropadakı hərbi-siyasi ittifaqlar, o cümlədən NATO və KTMT də böhran yaşayır. Bu ittifaqlar daxilində əsas ziddiyyətlər həmin ittifaqların formalaşdığı ölkələrlə bağlıdır”, - deyə Fərhad Məmmədov bildirib.

Fərhad Məmmədov qeyd edib ki, Cənubi Qafqaz hazırda yalnız coğrafi baxımdan region kimi mövcuddur.

“Geosiyasi və iqtisadi baxımdan bu, parçalanmış regiondur. Burada Avrasiya məkanının əsas layihələri cəmləşib. Region həm də Yaxın Şərqin bir hissəsi kimi qiymətləndirilir. Çin isə bu ərazini “Bir kəmər, bir yol” təşəbbüsünün quru marşrutlarının bir hissəsi kimi görür. Bütün bunlar çox kiçik coğrafiyada baş verir. 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh gündəliyi razılaşdırılıb və bu, sülh müqaviləsinə, həmçinin Türkiyə ilə münasibətlərin normallaşmasına və kommunikasiyaların açılmasına şərait yaradır. Bu proseslər region üçün yeni imkanlar açır və əsas hərəkətverici qüvvə region ölkələrinin özləridir. Eyni zamanda bu proseslər bütün problemləri həll etmir. Məsələn, Rusiya Gürcüstanın iki bölgəsini işğal edib. Hazırda Azərbaycan və Ermənistan ikitərəfli formatda danışıqlar aparır və yalnız tərəflərin razılığı ilə üçüncü ölkələr bu prosesə qoşula bilər”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fərhad-Məmmədov   ATƏT  


Bizi "telegram"da izləyin