Avropa İttifaqı: Cənubi Qafqaz Avropa ilə Mərkəzi Asiya arasında mühüm rol oynayır

2025/08/1756371941.jpg
Oxunub: 552     18:18     05 May 2026    
“Ötən yay Vaşinqton sammitindən sonra formalaşan yeni və görünməmiş dinamika region üçün yeni strateji imkanlar açır”.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono 2026-cı il mayın 5-də İrəvanda keçirilən “İrəvan Dialoqu-2026” beynəlxalq konfransında bildirib.

Onun sözlərinə görə, bu, regionu Avropa ilə Mərkəzi Asiya arasında mühüm əlaqə halqasına çevirir.

Qrono qeyd edib ki, bu, eyni zamanda Yaxın Şərqlə daha sıx əməkdaşlıq üçün yeni imkanlar yaradır.

“Hazırda bu region iki böyük hərbi əməliyyat məkanının fonunda daha da vacib sabitlik adası kimi çıxış edir. Orta Dəhliz layihəsi geniş müzakirə olunur. Hesablamalarımıza görə, mərkəzi dəhlizlə yük daşımalarının həcmi 2022-ci ildən etibarən dörd dəfə artıb və ümid edirik ki, 2030-cu ilə qədər bu göstərici daha üç dəfə arta bilər. Məhz belə investisiyaları biz Cənubi Qafqazdakı tərəfdaşlarımızla müzakirə edirik”, - deyə o bildirib.

O əlavə edib ki, nəqliyyat əlçatanlığı inklüziv olmalı və region tərəfdaşlarından heç birini təcrid etməməlidir.

“Bu səbəbdən hazırda biz İrəvandakı tərəfdaşlarımızla nəqliyyat infrastrukturunun inkişafı layihələrini müzakirə edirik. Bakıdakı tərəfdaşlarla da yeni imkanlar nəzərə alınmaqla müzakirələr aparılır. Ermənistan və Azərbaycan arasında sülh prosesi həqiqətən də çox güclü bir proses olub. Ola bilsin ki, burada xarici tərəflər də mühüm rol oynayıb, lakin nəticə etibarilə əsas məsuliyyət iki paytaxtın üzərinə düşüb. Bu baxımdan biz yalnız tərəfdaş kimi çıxış etmək istəyirik və gündəliyin region ölkələri tərəfindən müəyyən edilməsini dəstəkləyirik. Regionun, xüsusilə Ermənistanın böyük potensialı var, o cümlədən bərpa olunan enerji və rəqəmsal sahədə inkişaf imkanları baxımından böyük potensial mövcuddur”, - deyə Qrono vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qrono   Bakı   İrəvan  


Bizi "telegram"da izləyin