Ordu.az xəbər verir ki, o, bu barədə 2026-cı il mayın 5-də İrəvanda keçirilən “İrəvan Dialoqu-2026” beynəlxalq konfransı zamanı çıxışında deyib.
“Türkiyə həqiqətən də Cənubi Qafqazın qonşusudur, lakin o, eynilə Avropa İttifaqı kimi Cənubi Qafqazın bir hissəsi deyil. Bəs Türkiyə və Avropa İttifaqı Cənubi Qafqazda necə müsbət rol oynaya bilər? İlk növbədə Cənubi Qafqazla əlaqə təmin edilməlidir”, - deyə Rubinyan bildirib.
O qeyd edib ki, Türkiyəni Gürcüstan və Azərbaycanla birləşdirən dəmir yolları, avtomobil yolları və digər infrastruktur mövcuddur, lakin mühüm bir halqa çatışmır.
“Ermənistanın Avropa İttifaqı ilə birbaşa dəmir yolu əlaqəsi yoxdur, çünki təəssüf ki, bu günə qədər Ermənistan ilə Türkiyə arasında dəmir yolu əlaqəsi qurmaq mümkün olmayıb və nəticədə Avropa İttifaqı ilə də belə bir əlaqə yoxdur. Əgər bu baş versəydi, Ermənistan, Türkiyə, Azərbaycan, Gürcüstan və Avropa İttifaqı üçün böyük imkanlar yaranardı”, - deyə o vurğulayıb.
Rubinyan əlavə edib ki, Azərbaycanın Ermənistan istiqamətində tranzit məhdudiyyətlərini aradan qaldırması Gürcüstanın iştirakı olmadan mümkün olmazdı, çünki Qazaxıstandan və Rusiyadan Ermənistana daxil olan yüklər Azərbaycan və daha sonra Gürcüstan ərazisindən keçirdi.
“Biz bu məsələdə gürcü tərəfdaşlarımıza minnətdarıq. Əlbəttə, xarici oyunçular faydalı da ola bilər, faydasız da ola bilər və dünya hər iki nümunə ilə doludur. Təəssüf ki, son dövrlərdə ikinci nümunələr daha çox müşahidə olunur. Lakin hesab edirəm ki, İrəvanda erməni, gürcü, azərbaycanlı, türk və Avropa İttifaqı nümayəndələrinin bir araya gəlməsi bizim doğru yolda olduğumuzu göstərir. Mən tam əminəm ki, həm Avropa İttifaqı, həm də Türkiyə yaxın illərdə, aylarda, həftələrdə və hətta günlərdə Cənubi Qafqazda çox müsbət rol oynayacaq”, - deyə Rubinyan sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az