Ordu.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
“Axios”un təkliflə tanış olan mənbələrə istinadən verdiyi məlumata görə, Tehran razılaşma üzrə danışıqlar üçün bir aylıq müddət müəyyən edib. Təklif Hörmüz boğazının açılmasını, ABŞ tərəfindən dəniz blokadasının dayandırılmasını və həm İranda, həm də Livanda müharibənin tam başa çatdırılmasını nəzərdə tutur.
Mənbələrin sözlərinə görə, yalnız bu razılaşma əldə edildikdən sonra nüvə proqramı üzrə əlavə bir aylıq danışıqlar mərhələsi başlamalıdır.
Bu fonda ABŞ prezidenti Donald Tramp şənbə günü jurnalistlərə bildirib ki, İran “özünü pis apararsa”, yeni hərbi zərbələrə göstəriş verə bilər.
“Əgər onlar özlərini pis aparsalar, əgər nəsə pis bir şey etsələr, görəcəyik. Bu, əlbəttə mümkündür”, - deyə Tramp bildirib.
“Axios” qeyd edir ki, ABŞ ilə İran arasında razılaşma layihələrinin mübadiləsi davam etsə də, Tramp eyni zamanda mövcud çıxılmaz vəziyyəti aradan qaldırmaq üçün İrana qarşı yeni hərbi əməliyyat variantını da ciddi şəkildə nəzərdən keçirir.
Məlumata görə, Tramp cümə axşamı ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperdən İrana qarşı mümkün zərbələrlə bağlı planlar barədə brifinq alıb. Bundan sonra Kuper regiona yollanıb və şənbə günü Ərəb dənizində yerləşən USS “Tripoli” gəmisində hərbçilərlə görüşüb.
Cümə günü Tramp bildirib ki, İranın təklifi onu qane etmir, lakin şənbə günü Palm Biçdən Mayamiyə uçmazdan əvvəl jurnalistlərə deyib ki, sənədi uçuş zamanı öyrənəcək.
“Mən bunu araşdırıram. Daha sonra fikrimi bildirəcəyəm… Mənə razılaşmanın konsepsiyası təqdim olunub. İndi isə onlar mənə dəqiq mətnini verəcəklər”, - deyə o bildirib.
Bundan az sonra Tramp “Truth Social” sosial şəbəkəsində yazıb ki, “bu təklifin qəbul edilə biləcəyini təsəvvür etmir”. O vurğulayıb ki, İran “son 47 il ərzində insanlığa və dünyaya etdiklərinə görə hələ kifayət qədər bədəl ödəməyib”.
Sevinc Əliyeva
Ordu.az