ABŞ-nin dövlət katibi rəsmi səfərlə Vatikana gedəcək

2026/02/1772207966.jpg
Oxunub: 444     13:48     03 May 2026    
ABŞ-nin dövlət katibi Marko Rubio bu həftə görüşlər keçirmək üçün Vatikan və İtaliyaya səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə İtaliya KİV-ləri məlumat yayıb.

Səfər ABŞ prezidenti Donald Trampın sosial şəbəkələrdə Roma Papası XIV Leo barədə sərt tənqidlərindən bir neçə həftə sonra baş tutur və bu çıxışlar siyasi spektrin müxtəlif istiqamətlərindən olan xristianların tənqidinə səbəb olmuşdu.

“La Repubblica” və “Corriere della Sera” qəzetlərində dərc olunan məlumatlarda katolik Rubionun Roma Papası ilə şəxsən görüşüb-görüşməyəcəyi qeyd olunmur, lakin onun Vatikanın baş diplomatik nümayəndəsi kardinal Pietro Parolin ilə görüşünün gözlənildiyi bildirilir.

Qəzetlərin məlumatına görə, Rubio həmçinin İtaliyanın xarici işlər və müdafiə nazirləri ilə danışıqlar aparmağı planlaşdırır. Qeyd olunur ki, səfərin məqsədi ötən ay Trampın İtaliyanın baş naziri Corcia Melonini sərt tənqid etməsindən sonra iki ölkə arasında yaranmış gərginliyi azaltmaqdır.

Rubio sonuncu dəfə ABŞ-dən olan ilk Roma Papası XIV Leo ilə 2025-ci ilin may ayında, vitse-prezident Cey Di Vens ilə birlikdə görüşmüşdü.

Hər iki amerikalı rəsmi Müqəddəs Pyotr meydanında yeni papanın taxta çıxması münasibətilə keçirilən mərasimdə iştirak etmiş və növbəti gün pontifiklə şəxsi görüş keçirmişdi.

Pontifik, papalığının ilk aylarında qlobal səhnədə kölgədə qalsa da, son həftələrdə İran əleyhinə ABŞ-İsrail müharibəsi və Tramp administrasiyasının sərt anti-miqrasiya siyasəti ilə bağlı kəskin tənqidlər səsləndirib. Aprel ayında Tramp sosial şəbəkələrdə bir neçə dəfə Leo-nu tənqid etmiş və bir dəfə onu “dəhşətli” adlandırmışdı. Bu barədə “Reuters” məlumat yayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   Vatikan  


Bizi "telegram"da izləyin