ASELSAN milliləşdirmə fəaliyyətlərini davam etdirir

2026/05/1777796269.jpg
Oxunub: 456     12:13     03 May 2026    
2025-ci ildə ASELSAN və onun təchizatçıları tərəfindən milliləşdirilən məhsullar üzrə 235 milyon dollar həcmində sifariş qəbul edilib.

Ordu.az xəbər verir ki, ASELSAN tərəfindən yayımlanan 2025-ci il fəaliyyət hesabatına əsasən, müdafiə sahəsində xarici asılılığın azaldılması məqsədilə milliləşdirmə işləri 2025-ci ildə də uğurla davam etdirilib.

Sektorda aparıcı mövqeyini qoruyan ASELSAN və onun təchizatçılarının intensiv səyləri nəticəsində 2025-ci ildə 103 məhsul milliləşdirilib. 2018-ci ildən bu günə qədər milliləşdirilən məhsulların sayı 982-yə çatıb.

2025-ci ildə milliləşdirilən məhsullar üzrə verilən 235 milyon dollarlıq satınalma sifarişi ilə ASELSAN son 7 il ərzində 1 milyard dollardan artıq həcmdə vəsaitin Türkiyə sərhədləri daxilində qalmasına töhfə verib. Bundan əlavə, 2025-ci ildə xarici analoqlarla müqayisədə 80 milyon dollar həcmində qənaət əldə olunub. Hazırda isə 30 təchizatçı ilə 340 məhsul üzrə milliləşdirmə işləri davam etdirilir.

ASELSAN-ın milliləşdirmə vizyonunun yayılması və bu sahədə məlumatlılığın artırılması istiqamətində görülən işlər 2025-ci ildə daha da genişləndirilib. İştirak edilən sərgilər, regional görüşlər və sənayeləşmə tədbirlərində milliləşdirilmiş məhsullar nümayiş etdirilib. Bu çərçivədə ASELSAN bildirib: “Milliləşdirmə seçim deyil, zərurətdir yanaşması ilə kritik, yüksək texnologiyalı, embarqo və ixrac məhdudiyyətlərinə məruz qalan məhsullar başda olmaqla ASELSAN-ın milliləşdirmə fəaliyyəti davam etdiriləcək”.

ASELSAN təchizat zənciri idarəetməsi

ASELSAN 2025-ci ildə təchizat zənciri proseslərində milliləşdirmə, sadələşdirmə və rəqəmsallaşma istiqamətində mühüm təkmilləşdirmələr həyata keçirib, qərar qəbuletmə sürətini və izlənəbilənliyi artıran tətbiqləri genişləndirib. Bu çərçivədə həyata keçirilən uçdan uca rəqəmsal təchizat zənciri layihələri əməliyyat səmərəliliyi, real vaxt rejimində izlənəbilənlik və məlumat əsaslı qərarvermə qabiliyyətlərinə verdiyi töhfələrə görə “Supply Chain Professionals Club” Təchizat Zənciri Mükafatlarında “İlin layihəsi” və “Ən innovativ layihə” kateqoriyalarında mükafata layiq görülüb. Bundan əlavə, ASELSAN Təchizat Zənciri İdarəetməsi təşkilatı ən güclü və ən təsirli təchizat zəncirləri siyahısında 8-ci yeri tutub.

3300-ü ölkədaxili olmaqla ümumilikdə 5500 təchizatçı ilə aktiv əməkdaşlıq aparan müdafiə sənayesinin aparıcı şirkəti ASELSAN-ın ekosistemə yönəltdiyi iş həcmi 2025-ci ildə 82% artaraq 5 milyard dolları keçib. Son 5 ilin təhlili göstərir ki, bu artım yalnız kəmiyyət deyil, eyni zamanda yüksək texnologiyalı yerli məhsullar hesabına keyfiyyət baxımından da təmin olunub. Bundan əlavə, Təchizatçı Maliyyələşdirmə Sistemi vasitəsilə 36 təchizatçı şirkətə 11 bank üzərindən 44 milyon dollar həcmində maliyyə dəstəyi göstərilib.

Ucdan uca izlənəbilənlik işləri çərçivəsində təchizatçı şirkətlərdə “IoT” əsaslı MES infrastrukturu qurularaq avadanlıq səviyyəsində məlumatların və şirkətlərin istehsal gücü barədə informasiyanın ASELSAN-a ötürülməsinə başlanılıb. 2025-ci ildə 17 təsdiqlənmiş subpodratçı şirkətdə infrastruktur qurulmasına başlanılıb və 10 şirkətdə bu işlər tamamlanıb. 2026-cı ildə bu sistemin qurulduğu şirkətlərin sayının 50-yə çatdırılması hədəflənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin