“TankerTrackers.com”: İran nefti daşıyan supertanker ABŞ hərbi dəniz qüvvələrindən yayınmağı bacarıb

2026/04/1776778894.jpg
Oxunub: 358     10:50     03 May 2026    
İranın Milli Tanker Şirkətinə məxsus böyük xam neft tankeri (VLCC) ABŞ hərbi dəniz qüvvələrindən yayınaraq Asiya-Sakit okean regionuna çatıb və təxminən 1,9 milyon barel, təxminən 220 milyon dollar dəyərində neft daşıyıb.

Ordu.az xəbər verir ki, bu barədə “TankerTrackers.com” xidməti məlumat yayıb.

“X” sosial şəbəkəsində yayılan məlumatda qeyd olunur ki, tanker “nəhəng” ölçülüdür və sonuncu dəfə Şri Lanka sahilləri yaxınlığında bir həftədən çox əvvəl müşahidə olunub.

Hazırda tanker İndoneziyanın Lombok boğazından keçərək Riau arxipelaqına doğru hərəkət edir.

Bildirilir ki, gəmi aprelin 13-də İran sularında olub, həmin vaxt ABŞ hərbi dəniz qüvvələri İran limanlarının blokadasını elan etmişdi.

Məlumata görə, tanker martın 20-dən etibarən avtomatik identifikasiya sistemi (AIS) siqnallarını ötürməyib.

Bu məlumat aprelin 29-da İran mediasının ən azı 52 İran gəmisinin blokadanı yarıb keçdiyini bildirməsindən sonra yayılıb.

Eyni zamanda ABŞ silahlı qüvvələri blokada başladıqdan bəri İranla əlaqəli təxminən 41 gəmini marşrutunu dəyişməyə məcbur etdiyini açıqlayıb.

ABŞ rəsmiləri bildirirlər ki, blokada qüvvədədir və İrandan milyardlarla dollar gəlirin qarşısını alıb. ABŞ hesab edir ki, İran neft ixrac edə bilməyəcək və hasilat dayanmayana qədər onu anbarlarda saxlamalı olacaq. Bu barədə “Al Jazeera” məlumat yayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin