Ordu.az xəbər verir ki, ASELSAN-ın 2025-ci il fəaliyyət hesabatı yayımlanıb.
Hesabatda şirkətin həyata keçirdiyi kritik fəaliyyətlərə, texnoloji inkişaflara və tamamlanan layihə mərhələlərinə geniş yer verilib. Biznesin inkişafı və marketinq fəaliyyətləri çərçivəsində isə rekord ixrac performansı ilə bağlı ətraflı məlumatlar paylaşılıb.
Biznesin inkişafı və marketinq üzrə baş direktor müavini 2024-cü ilin əvvəlində açıqlanan “aselsaneXt” proqramının hədəflərinə uyğun olaraq beynəlxalq biznesin inkişafı və marketinq fəaliyyətlərində əldə edilən uğurlu dinamikanın 2025-ci ildə də davam etdiyini bildirib. Şirkət qlobal marka strategiyasına töhfə verən və ixracın artırılmasına yönəlmiş mühüm addımlar atmağa davam edib.
2025-ci il maliyyə göstəriciləri ASELSAN-ın ixrac həcmindəki artımı aydın şəkildə ortaya qoyub. Bu çərçivədə 2025-ci ildə əvvəlki illə müqayisədə xarici satış müqavilələrinin dəyəri 115% artıb və ümumi dəyəri 2.069.350.219 ABŞ dollarını aşan 272 ixrac müqaviləsi imzalanıb. 2025-ci il ərzində daha əvvəl heç satış edilməmiş üç yeni ölkə ilə müqavilələr bağlanıb və ümumilikdə 58 ölkəyə satış həyata keçirilib.
Beləliklə ASELSAN-ın indiyədək ixrac müqaviləsi imzaladığı ölkələrin sayı 95-ə yüksəlib. Bundan əlavə, 2025-ci ildə daha əvvəl ixrac edilməmiş 16 fərqli məhsulun ilk dəfə dost və müttəfiq ölkələrə satıldığı açıqlanıb.
25 ölkədə fiziki mövcudluq və Polşa uğuru
ASELSAN-ın 2025-ci ilin dekabrında NATO üzvü Polşaya radioelektron mübarizə sistemlərinin ixracı üçün imzaladığı 410 milyon dollarlıq müqavilə diqqət çəkən uğurlar arasında yer alır. Bu nəticə ilə 2025-ci ildə birbaşa ixrac 327%-dən çox artıb.
ASELSAN müştərilərə çıxış imkanlarını artırmaq məqsədilə 2025-ci ildə Özbəkistan, Nigeriya, Filippin, Albaniya, Əlcəzair və Rumıniyada yeni bölmələr açıb. Bununla şirkət həm hədəf bazarlarda, həm də müxtəlif regionlarda daha görünən olub və fiziki mövcud olduğu ölkələrin sayı 25-ə çatıb.
Sevinc Əliyeva
Ordu.az