ASELSAN-ın radioelektron dəstək sistemi ilk dəfə ixrac edilib

2026/05/Ekran-1777741615.jpg
Oxunub: 673     21:02     02 May 2026    
ASELSAN ANTIDOT 2-U/EA 200 radioelektron mübarizə podunun xaricə ilk təhvilinin həyata keçirildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, ASELSAN-ın 2025-ci il Fəaliyyət Hesabatı yayımlanıb.

Hesabat çərçivəsində şirkətin il ərzində həyata keçirdiyi kritik fəaliyyətlərə, əldə etdiyi texnoloji inkişaflara və uğurla tamamlanan layihə mərhələlərinə ətraflı şəkildə yer verilib. Bu kontekstdə Radar Radioelektron Hücum Sistemləri üzrə imza atılan müxtəlif ilklərə diqqət çəkilib və sözügedən sistemlərin həm ölkə daxilində, həm də xaricdəki inkişafları ictimaiyyətlə paylaşılıb.

ASELSAN tərəfindən ANTIDOT 2-U/EA 200 sisteminə dair verilən açıqlamalarda ANTIDOT 2-U/EA 200 sisteminin uçuş sınaqlarını uğurla tamamladığına və inventara daxil edildiyinə toxunulub. Bununla yanaşı sistemin xaricə ilk təhvilinin həyata keçirildiyi də açıqlanıb. Həmçinin il ərzində türk və xarici nümayəndə heyətləri üçün müxtəlif demo fəaliyyətlərinin keçirildiyi bildirilib. Bu nümayişlərdə ANTIDOT 2-U/ES 100 sistemi ilə dəniz əsaslı radarların yerinin uğurla müəyyən edildiyi, ANTIDOT 2-U/EA 200 sistemi ilə isə sözügedən radar sistemlərinin uğurla qarışdırıldığı məlumatı verilib.

Bundan əlavə, ASELSAN tərəfindən verilən açıqlamalarda bu məlumatlar da paylaşılıb:

İlk dəfə Dəniz Radioelektron Mübarizə Komplekti ixrac edilən Avropa ölkələrindən birinə ikinci platformaya aid AREAS 2-NC 100 Radioelektron Hücum (REH) Sisteminin zavod qəbul fəaliyyəti həyata keçirilib və sistemin göndərişi təmin edilib.

Bir təlim çərçivəsində MARLİN İnsansız Dəniz Platforması üzərində yerləşən AREAS 2-NCL 100 ET Sistemi ilə nümayiş həyata keçirilib.

ANTIDOT 2-U/EA 200

ANTIDOT 2-U/EA 200 radioelektron mübarizə podu kompakt ölçüsü, aşağı çəkisi və optimallaşdırılmış enerji istehlakı ilə pilotsuz uçuş aparatlarına asanlıqla inteqrasiya edilə bilən, radioelektron dəstək və elektron hücum qabiliyyətlərinə malik radioelektron mübarizə sistemidir.

ANTIDOT 2-U/EA 200 düşmən hava hücumundan müdafiə sistemlərini və onların yerləşdiyi istiqaməti müəyyən edir, sistemlərin axtarış və izləmə radarlarının siqnal xüsusiyyətlərini ətraflı şəkildə ölçərək bu məlumatdan təhdidləri tanımaq üçün istifadə edir. Sistem tam avtonom işləyir və yüklənmiş elektron hücum texnikaları ilə hava hücumundan müdafiə sisteminin bütün radarlarına hücum edir. Yüksək çıxış gücü, geniş tezlik və bucaq əhatəsi sayəsində pilotsuz uçuş aparatını geniş spektrdəki RF təhdidlərinə qarşı effektiv şəkildə qorumaqla yanaşı, dost hava komponentlərinin qorunması məqsədilə də istifadə oluna bilər.

ANTIDOT 2-U/EA 200 radioelektron mübarizə podu

ANTIDOT 2-U/EA 200 miniatür sursatların taxıla bildiyi taktiki sinfə məxsus pilotsuz uçuş aparatlarına belə asanlıqla inteqrasiya edilə bilir, hər hansı asqıya sursat və ya pod taxmaq qərarı əməliyyatdan əvvəl istifadəçi tərəfindən verilə bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin