Ordu.az xəbər verir ki, hava, quru və dəniz komponentlərini əhatə edən bu struktur üçün ayrılan vəsait Vaşinqtonun iri miqyaslı münaqişə ssenarilərinə hazırlığını sürətləndirdiyini göstərir.
ABŞ-nin müharibə naziri Pit Heqset Senatın Silahlı Xidmətlər Komitəsində çıxışı zamanı nüvə üçlüyü və nüvə komanda-idarəetmə-rabitə (NC3) infrastrukturuna təxminən 71 milyard dollarlıq sərmayə planlaşdırıldığını bildirib.
Heqset bu sahədə hər hansı zəifliyin bütün müdafiə arxitekturasını risk altına sala biləcəyini vurğulayaraq, nüvə çəkindirməsinin ABŞ-nin strateji prioritetləri arasında ön sıralarda qalmağa davam etdiyini qeyd edib.
Donald Tramp administrasiyasının 2027-ci il büdcə təklifinə əsasən, nüvə üçlüyünün üç komponentinin modernizasiyası üçün ümumilikdə 71,4 milyard dollar ayrılıb. Bu vəsait yeni nəsil platformalara, infrastruktur sərmayələrinə və əməliyyat qabiliyyətlərinin artırılmasına yönəldiləcək.
Hava komponenti: B-21 “Raider” ön planda
Hava qüvvələri komponentində həm ənənəvi, həm də nüvə tapşırıqları icra edə bilən B-21 “Raider” strateji bombardmançı təyyarəsi ön plana çıxır. Proqram çərçivəsində 6,1 milyard dollar ayrılıb və ABŞ Hərbi Hava Qüvvələrinin ən azı 100 ədəd B-21 tədarük etməsi planlaşdırılır.
Yeni nəsil aşağı görünürlüklü platformanın uzun illər ərzində nüvə üçlüyünün hava komponentində əsas zərbə qüvvəsi olması nəzərdə tutulur.
Quru komponenti: “Sentinel” ilə “Minuteman” dövrü başa çatır
Quru əsaslı nüvə qabiliyyətinin modernizasiyası çərçivəsində mövcud “Minuteman III” sisteminin yerini alacaq LGM-35 “Sentinel” proqramı üçün 4,6 milyard dollar ayrılıb.
Proqram ABŞ üzrə 400 əməliyyat qitələrarası ballistik raketi və 450 yeraltı raket şaxtasını əhatə edir. Bu çərçivədə şaxtalar gücləndiriləcək, komanda-idarəetmə strukturu isə yeni nəsil sistemlərlə yenilənəcək.
Büdcə çərçivəsində həmçinin bombardmançı təyyarələrdən buraxılan AGM-86B-nin yerini alacaq yeni nəsil uzun mənzilli standoff qanadlı raket üçün təxminən 1,5 milyard dollar ayrılıb. Bu addım hava platformalarının nüvə tapşırıqlarında elastikliyini artırmağı hədəfləyir.
Dəniz komponenti: “Columbia” sinfinə keçid
Dəniz əsaslı çəkindirmənin əsasını təşkil edəcək “Columbia” sinfinə məxsus SSBN (ballistik raket daşıyan sualtı qayıq) proqramı üçün 16,2 milyard dollar nəzərdə tutulub.
Hazırda istehsal mərhələsində olan “Columbia” sinfinə məxsus sualtı qayıqlar mövcud “Ohio” sinfinə məxsus platformaları əvəz edəcək. Proqram çərçivəsində dördüncü sualtı qayığın tədarükü planlaşdırılır, üçüncü platforma olan USS “Groton” üzərində isə inkişaf işləri davam edir.
Büdcə həmçinin elmi-tədqiqat, sınaq-qiymətləndirmə fəaliyyətlərini və sualtı qayıq istehsalında iştirak edən sənaye infrastrukturuna yönəlik sərmayələri də əhatə edir.
Ənənəvi sursat ehtiyatları da artırılır
Bununla yanaşı ABŞ Hərbi Hava Qüvvələri nüvə modernizasiyası ilə paralel olaraq ənənəvi zərbə gücünü də artırmağa hazırlaşır. Aşağı xərcli yüksək həcmli sursat ailəsi (FAMM) proqramı çərçivəsində beş il ərzində təxminən 28 min ədəd aşağı xərcli uzun mənzilli sursatın tədarükü planlaşdırılır.
Proqram xüsusilə iri miqyaslı münaqişələrdə geniş hədəf dəstlərinə qarşı davamlı atəş gücü yaratmağı hədəfləyir. Bu çərçivədə yük təyyarələrindən buraxılan paletli sursat konsepsiyası prioritet istiqamət kimi seçilir.
Bu yanaşma AGM-158B JASSM-ER “hava-yer” raketi kimi yüksək xərcli sistemlərə alternativ olaraq daha ucuz və genişləndirilə bilən həllərin hazırlanması strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az