Pentaqonun süni zəka texnologiyalarından istifadə üçün 7 şirkətlə razılaşdığı bildirilib

2026/05/1777739473.jpg
Oxunub: 332     20:24     02 May 2026    
ABŞ-nin Müharibə Nazirliyinin (Pentaqon) texnologiyalarını məxfi Pentaqon kompüter şəbəkələrində istifadə etmək üçün 7 aparıcı süni zəka şirkəti ilə razılığa gəldiyi bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

ABŞ mediasına görə, Pentaqon daha əvvəl problem yaşadığı “Anthropic”i “milli təhlükəsizlik riski” kimi qiymətləndirdikdən sonra digər süni zəka şirkətləri ilə razılaşıb.

Aralarında “Microsoft”, “Amazon” və “Google” kimi adların da olduğu süni zəka sahəsində qabaqcıl 7 şirkət texnologiyalarını Pentaqonun məxfi kompüter şəbəkələrində istifadə etmək üçün razılığa gəlib.

Müharibə Nazirliyinin baş texnologiya direktoru Emil Maykl CNBC-yə verdiyi müsahibədə Anthropic-dən asılı olmağı “məsuliyyətsizlik” adlandıraraq belə deyib: “Bir tərəfdaşın bizimlə istədiyimiz şəkildə işləmək istəmədiyini öyrəndikdə, birdən çox fərqli təminatçıya malik olduğumuzdan əmin olmaq istədik”.

Pentaqon sözçüsü razılaşmaların maliyyə şərtləri barədə şərh verməkdən imtina edib, lakin nazirliyin döyüş meydanında məlumatların təhlili və qərarvermə proseslərinin təkmilləşdirilməsi üçün süni zəka texnologiyalarından istifadə etməyi planlaşdırdığı bildirilib.

Hökumət ilə “Anthropic” arasında gərginlik

Süni zəka şirkəti “Anthropic”in “Claude” modelini “bütün qanuni hərbi məqsədlər” üçün istifadəyə açmaqdan imtina etməsi və hərbi istifadə ilə bağlı təhlükəsizlik narahatlıqları Pentaqon ilə fikir ayrılıqlarına səbəb olmuşdu.

ABŞ-nin müharibə naziri Pit Heqset 2026-cı il fevralın 24-də “Anthropic”ə ultimatum vermiş, Pentaqonun şirkətin süni zəka sistemini istədiyi şəkildə istifadə etməsinə 2026-cı il fevralın 27-dək icazə verilməyəcəyi təqdirdə hökumətlə müqavilələrini itirmək riski ilə üzləşəcəklərini bildirmişdi.

ABŞ Prezidenti Donald Tramp da 2026-cı il fevralın 27-də Pentaqon ilə “Anthropic” arasında yaranan mübahisələrdən sonra bütün federal qurumlara “Anthropic” texnologiyasının istifadəsinin dərhal dayandırılması barədə göstəriş vermişdi.

Daha sonra Pentaqon 2026-cı il martın 6-da texnologiyasının ABŞ vətəndaşlarının izlənməsi və tam avtonom silahlarda istifadə edilməsini qəbul etmədiyini açıqlayan şirkəti “təchizat təhlükəsizliyi baxımından riskli” elan etmişdi.

“Anthropic” 2026-cı il martın 9-da ABŞ hökumətinə qarşı iki məhkəmə iddiası qaldıraraq, Pentaqon rəsmilərinin süni zəka təhlükəsizliyi ilə bağlı mövqeyinə görə şirkətə qanunsuz şəkildə təzyiq göstərildiyini iddia etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ   SZ  


Bizi "telegram"da izləyin