Ordu.az xəbər verir ki, Türkiyənin və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan “SAHA İstanbul” təşkilatçılığı ilə keçirilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi “Anadolu” Agentliyinin qlobal kommunikasiya tərəfdaşlığı ilə 5-9 may tarixlərində İstanbul Sərgi Mərkəzində baş tutacaq.
PUHU C75 sahədə özünü sübut edib
PUA-lar üzrə fəaliyyətləri çərçivəsində 75 kiloqram daşıma qabiliyyətinə malik PUHU C75 Yük PUA-sını təhlükəsizlik qüvvələrinin inventarına daxil edən DASAL məhsulu bu dəfə “sahədə özünü sübut etmiş” kimi təqdim edəcək. PUHU C75 Yük PUA-sı inventara daxil edildikdən sonra döyüş sahəsi şəraitində və çətin mühit şərtlərində uğurla sınaqdan keçib.
Çevik və güclü dizaynı ilə modul quruluşu sayəsində həm mülki, həm də hərbi sahələrdə çətin tapşırıqları yerinə yetirə bilən PUHU C75 ehtiyatlı uçuş-kritik avionik arxitektura ilə təhlükəsiz və fasiləsiz uçuş həyata keçirə bilir. Yüksək hündürlükdə və çətin mühit şəraitində fəaliyyət göstərə biləcək şəkildə hazırlanmış sistem, kritik logistika ehtiyaclarının sahədə effektiv qarşılanmasına töhfə verir.
Çətin şəraitlərdə logistika qabiliyyəti
Radioelektron mübarizə şəraitinə davamlı quruluşu və tam avtonom uçuş qabiliyyəti ilə PUHU C75 gecə və gündüz tapşırıqları yerinə yetirərək çatımın çətin olduğu ərazilərdə kritik logistika ehtiyaclarının sürətli və təhlükəsiz daşınmasına imkan yaradır. Çətin relyef şəraitində personal riskini azaldan sistem, xüsusilə quru nəqliyyatının məhdud, riskli və ya vaxt baxımından yetərsiz qaldığı tapşırıqlarda əməliyyat davamlılığına töhfə verir.
Müxtəlif faydalı yükləri daşıya bilən PUHU C75, təbii fəlakətlər və fövqəladə vəziyyət ssenarilərində çatımın çətin, riskli və ya vaxt baxımından kritik olduğu ərazilərə tibbi ləvazimat, ərzaq, axtarış-xilasetmə avadanlığı, hərbi təchizat və digər əsas ehtiyacların sürətlə çatdırılmasına kömək edir. Daşıma və axtarış-xilasetmə fəaliyyətlərini dəstəkləmək üçün hazırlanmış sistem, xüsusilə quru nəqliyyatının kəsildiyi və ya coğrafi şəraitin çıxışı çətinləşdirdiyi ərazilərdə kritik logistika ehtiyaclarının təhlükəsiz və effektiv şəkildə qarşılanmasına imkan verir. Bu çoxşaxəli xüsusiyyətləri ilə PUHU C75 tək platforma üzərində müxtəlif tapşırıq ehtiyaclarına uyğunlaşdırıla bilir, eyni zamanda texniki xidmət və təmir proseslərində səmərəlilik və qənaət təmin edir.
PUHU C100 ilə qabiliyyət və məsafə artır
DASAL PUHU C75 üzrə əldə edilən nəticələri, inkişaf edən texnologiyaları və müxtəlif istifadəçilərin daha çox yük daşıma və artırılmış məsafə ehtiyaclarını nəzərə alaraq işlərini davam etdirir.
Bu səylərin nəticəsi olaraq ortaya çıxan PUHU C100 100 kiloqrama qədər daşıma qabiliyyəti, uzun məsafə və yüksək üfüqi sürəti ilə sahədə kritik logistika ehtiyaclarını qarşılamaq üçün hazırlanıb.
Yeni nəsil fırlanan qanadlı kargo PUA sistemi, avtonom tapşırıq planlaşdırılması və optimal marşrut müəyyən etmə imkanları sayəsində kritik materialları hədəf bölgəyə eniş etmədən avtomatik qarmaq modulu ilə buraxa bilir. İstənildiyi halda müxtəlif baza bölgələrinə eniş edərək yenidən tapşırığa hazır vəziyyətə gətirilə bilir. Sürətli doldurma sistemi və ağıllı batareya proqram təminatı ilə fasiləsiz tapşırıq davamlılığı təmin edir, qabaqcıl uçuş və yük idarəetmə sistemləri ilə əməliyyat səmərəliliyini artırır.
Texniki qabiliyyət və performans
Ümumi qalxma çəkisi 360 kiloqram olan PUHU C100 maksimum saatda 90 kilometr sürətə çata bilir. Sistem bir istiqamətli tapşırıqlarda 30 kilometrə qədər, baza bölgəsinə geri dönüş tələb edən tapşırıqlarda isə 15 kilometrə qədər fəaliyyət məsafəsi təmin edir.
Sevinc Əliyeva
Ordu.az