Ordu.az xəbər verir ki, ASELSAN-ın 2025-ci il Fəaliyyət Hesabatı dərc edilib.
Hesabat çərçivəsində ASELSAN-ın 2025-ci ildə həyata keçirdiyi kritik fəaliyyətlərə, texnoloji inkişaflara və tamamlanan layihə mərhələlərinə detallı şəkildə yer verilib. ASELSAN tərəfindən yeni nəsil hava vasitələri üçün inkişaf etdirilən TOYGUN Elektro-Optik Hədəfləmə Sistemi və KARAT İnfraqırmızı Axtarış və İzləmə Sisteminin 2026-cı ildə seriyalı istehsala keçməsi planlaşdırılır.
Aşağı radara görünmə qabiliyyətli pilotlu və pilotsuz hava vasitələrinə yönəlmiş platformaya inteqrasiya olunmuş arxitekturada inkişaf etdirilən TOYGUN Elektro-Optik Hədəfləmə Sistemi və KARAT İnfraqırmızı Axtarış və İzləmə Sistemi ötən il KIZILELMA platformasına inteqrasiya edilmiş və ilk uçuşunu həyata keçirmişdi.
TOYGUN Elektro-Optik Hədəfləmə Sistemi
Digər tərəfdən, davam edən işlər istiqamətində TOYGUN-un KAAN ilə SEL (Sistem İnteqrasiya Laboratoriyası) fəaliyyətləri başlayıb və 2026-cı il ərzində uçuş həyata keçirməsi hədəflənir. Bundan əlavə, TOYGUN-un 2026-cı ildə seriyalı istehsala keçməsi planlaşdırılır.
Oxşar şəkildə, aşağı radara görünmə qabiliyyətli hədəflərin passiv şəkildə aşkar edilməsini təmin edən “EO Detection and Ranging” (EODAR) KARAT İnfraqırmızı Axtarış və İzləmə Sistemi pilotlu və pilotsuz hava vasitələrinə yönəlmiş platformaya inteqrasiya olunmuş arxitekturada inkişaf etdirilib. Bu kontekstdə KARAT-ın da KAAN ilə SEL fəaliyyətləri başlayıb və 2026-cı il ərzində uçuş həyata keçirməsi hədəflənir. KARAT-ın 2026-cı ildə seriyalı istehsala keçməsi planlaşdırılır.
KARAT
KARAT İnfraqırmızı Axtarış və İzləmə Sistemi pilotlu-pilotsuz döyüş təyyarəsi sistemləri, sabit və fırlanan qanadlı təyyarələr və pilotsuz uçuş aparatları üçün platformaya inteqrasiya olunmuş şəkildə inkişaf etdirilən, hava hədəflərinə yönəlmiş infraqırmızı (istilik) axtarış, aşkarlama və izləmə sistemidir. İnfraqırmızı axtarış və izləmə sistemləri yeni nəsil döyüş təyyarələrinin aşağı radara görünmə xüsusiyyətlərinə töhfə vermək və aşkarlama imkanlarını artırmaq məqsədilə inkişaf etdirilir.
TOYGUN
TOYGUN MWIR diapazonunda işləyən 1280×1024 təsvir ölçüsünə malik IR görüntüləmə sistemi və lazer işarələyiciyə malikdir. IR görüntüləmə sistemində yüksək təsvir keyfiyyətini dəstəkləmək üçün görüntü yaxşılaşdırma üsulları da (kənar-bucaq yumşaltma, görüntü kəskinləşdirmə, histoqram bərabərləşdirmə, qara/ağ balanslaşdırma, duman, çən və atmosfer təsirlərini aradan qaldırma/minimuma endirmə, superresolution, turbulentlik düzəldici və hədəf qiymətləndirmə) mövcuddur.
“Hava-hava” döyüşü, “hava-yer” döyüşü, kəşfiyyat, müşahidə və hədəfləmə kimi tapşırıqlarda istifadə edilə bilən TOYGUN-da 35 km-yə qədər lazer məsafə ölçümü, Avtomatik Hədəf Aşkarlama (OHA), Təkli/Çoxlu Hədəf İzləmə, 2 Ox Mexaniki+2 Ox Optik Stabilizasiya kimi xüsusiyyətlər yer alır. Eyni zamanda TOYGUN ilə izlənən hədəflərin koordinatları Daxili GPS+Ətalətli Ölçmə Bloku+Xarici ANS ilə müəyyən edilə bilir.
Sevinc Əliyeva
Ordu.az