Ukrayna bataqlığı və İran böhranı: Putin-Tramp yaxınlaşmasının səbəbi nədir?

2026/04/1777564888.jpg
Oxunub: 690     19:51     30 Aprel 2026    
Aprelin 29-da Rusiya prezidentinin təşəbbüsü ilə Vladimir Putin və Donald Tramp arasında təxminən bir saat yarım davam edən telefon danışığı baş tutub. Bu barədə TASS-a Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. O bildirib ki, ABŞ-nin prezidenti “Pasxa bayramları münasibətilə atəşkəsi müsbət qiymətləndirib”, Putin isə “bu kontekstdə mayın 9-da atəşkəs elan etməyə hazır olduğunu ifadə edib”.

Britaniyanın “The Telegraph” nəşrinin məlumatına görə, Ağ Evdə onun şərəfinə təşkil olunmuş qəbulda çıxışı zamanı Kral Çarlz III Donald Trampa faşizmə qarşı birgə qələbəni xatırladıb və vurğulayıb ki, ABŞ və Böyük Britaniya “Ukrayna və onun cəsur xalqının yanında birlikdə dayanmalıdır”.

Görünür, Britaniya monarxı ABŞ prezidentinə təsir edə bilməyib. Putinlə telefon danışığından sonra Tramp jurnalistlərə bildirib ki, Ukrayna “artıq faktiki olaraq məğlub olub, orada müharibə isə “İrandan daha tez başa çata bilər”. Ukrayna prezidenti Vladimir Zelenski hələlik Rusiyada keçiriləcək hərbi parad günü atəşkəsin elan edilməsi təklifinə reaksiya verməyib.

Putinin köməkçisi Uşakov həmçinin bildirib ki, telefon danışığının əsas mövzularından biri İran ətrafındakı vəziyyət olub. Rusiya prezidenti “hərbi əməliyyatların davam etdirilməsinin dağıdıcı nəticələri barədə xəbərdarlıq edib və İranın nüvə proqramının tənzimlənməsi üçün bir neçə variant təqdim edib”.

Belə təəssürat yaranır ki, Ukrayna və İran “bataqlığında qalmış” Putin və Tramp “üzü qorumaq” üçün bir-birini sığortalamaq variantını seçiblər. Üstəlik, hər ikisinin təkcə xarici deyil, həm də daxili siyasi “cəbhədə” ciddi problemləri var. Sentyabrda Rusiyada Dövlət Dumasına, noyabrda isə ABŞ Konqresinə aralıq seçkilər gözlənilir. Hər ikisi reytinq itkisi ilə üzləşir.

Mətbuatın məlumatına görə, Trampın komandası “parçalanma həddindədir”. Eyni təhlükə Putinin qarşısında da dayanır. Bəzi məlumatlı mənbələrə görə, baş nazir Mixail Mişustin, iqtisadi blokun nazirləri və Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina Ukraynada heç bir ilkin şərt olmadan atəşkəsin tərəfdarıdırlar, xarici işlər naziri Sergey Lavrov, Putinin köməkçisi Nikolay Patruşev, xüsusi xidmət orqanlarının rəhbərləri Aleksandr Bortnikov və Sergey Narışkin isə “son qələbəyə qədər” mövqeyindədirlər.

Putin-Tramp telefon danışığı İranın xarici işlər nazirinin Rusiyaya səfərindən sonra baş tutub. Ehtimal olunur ki, Rusiya prezidenti Donald Trampa İran tərəfinin təkliflərini çatdırıb. Lakin sabah İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlığının Abbas Əraqçini yenidən “idiot” adlandırmayacağına və onun Putinlə əldə etdiyi razılaşmanı ləğv etməyəcəyinə kim zəmanət verə bilər?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   İran   Putin   Tramp  


Bizi "telegram"da izləyin