Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, Narek bu il hərbi xidmətə çağırılmışdı və Nubaraşen hərbi hissəsində qulluq edirdi.
“Hərbi xidmətə yanvarın 26-da getmişdi, hələ 3 ay da olmamışdı. Nubaraşendə qulluq edirdi, 6 ay tamam olandan sonra Gorusa köçürülməli idi”, - deyə ölən erməni hərbi qulluqçunun qardaşı bildirib.
O qeyd edib ki, Nareklə sonuncu dəfə bazar ertəsi danışmışdılar: “Bazar ertəsi, hadisədən bir gün əvvəl danışmışdıq, əhvalı yaxşı idi...”.
Xatırladaq ki, aprelin 14-də erməni müddətli həqiqi hərbi xidmət qulluqçusu ölüb.
Məlumata görə, ölən şəxs Nubaraşen atış meydanından güllə yarası ilə xəstəxanaya aparılmışdı.
Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı Cinayət Məcəlləsinin 523-cü maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlandığını bildirmişdi (hərbi qulluqçunu intihar həddinə çatdırma).
Ekspertizalar təyin edilib. Hadisənin bütün hallarının aydınlaşdırılması istiqamətində ibtidai istintaq aparılır.
Alpər Mövludoğlu
Ordu.az