Paşinyanın komanda yoldaşı: “Müxalifət Ermənistan vətəndaşlarından siyasi təzyiq aləti kimi istifadə edir”

2026/04/1776254269.jpg
Oxunub: 270     15:53     15 Aprel 2026    
“Müxalifət vətəndaşları bilərəkdən qanun pozuntularına cəlb edir, sonra isə bunu siyasi məqsədlər üçün istifadə edir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Vahaqn Aleksanyan aprelin 15-də parlamentdə jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, ayrı-ayrı siyasi qüvvələr öz strategiyalarını manipulyasiya, ziddiyyətli bəyanatlar və dövlət institutlarını nüfuzdan salmaq cəhdləri üzərində qururlar.

Aleksanyan vurğulayıb ki, belə hallarda istənilən qanunsuz əməl hüquqi qiymət almalıdır. “Belə xarakterli istənilən addım müvafiq hüquqi qiymət almalıdır”, - deyə erməni deputat ictimai müstəvidə müzakirə olunan mümkün seçki pozuntuları və seçicilərin maddi cəhətdən həvəsləndirilməsi halları ilə bağlı danışarkən bildirib.

Hakim partiyanın nümayəndəsi qeyd edib ki, bəzi hallarda məsuliyyəti prosesin daha həssas iştirakçılarının, o cümlədən seçki təşviqatına cəlb olunmuş azyaşlı uşaqları olan qadınların üzərinə qoymağa cəhd edilir. Bu bəyanat yeni doğulmuş körpəsi olan “Güclü Ermənistan” partiyasının üzvü Qohar Qumaşyanın ötən gün saxlanılması ilə bağlı məlumatlar fonunda səslənib. O, qarşıdan gələn parlament seçkiləri kontekstində xeyriyyə adı altında seçicilərə maddi yardım göstərməkdə ittiham olunur.

Aleksanyan deyib ki, sakinlər müxalifətə yalnız qanun pozuntularına cəlb olunduqları halda lazımdır. Daha sonra o qeyd edib ki, sonradan bu vəziyyətlər siyasi təzyiq və ittiham gündəmi formalaşdırmaq üçün istifadə olunur.

Erməni deputat müxalifətin ümumi fəaliyyət tərzini də tənqid edərək bildirib ki, o, “siyasi ardıcılsızlıq” nümayiş etdirir və vəziyyətdən asılı olaraq mövqelərini dəyişir, bu da onun bəyanatlarının etibarlılığına zərbə vurur.

Sosial proqramlara ayrıca toxunan erməni deputat bildirib ki, dövlət pensiyaların artırılması, səhiyyə sisteminin inkişafı və infrastrukturun yenilənməsi proqramlarını davam etdirir. Bu addımların dayandırıla biləcəyi ilə bağlı açıqlamaları erməni deputat siyasi manipulyasiya adlandırıb. Eyni zamanda o vurğulayıb ki, bu addımları seçki rüşvəti kimi qiymətləndirmir.

Aleksanyan vurğulayıb ki, ölkənin iqtisadi və sosial sabitliyinə görə məsuliyyət hakimiyyətin üzərinə düşür, müxalifət isə faktların təhrif edilməsi və siyasi ritorika vasitəsilə dövlət institutlarını zəiflətməyə çalışır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aleksanyan   Ermənistan  


Bizi "telegram"da izləyin