Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Erməni prokuror Arqam Dallakyan bildirib ki, Karapetyanın təsir göstərə biləcəyi şəxslər var.
Karapetyanın müdafiəçilərindən Aram Vardevanyan isə qeyd edib ki, hələ ötən gün Samvel Karapetyanın qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət təqdim ediblər.
O vurğulayıb ki, Karapetyan hazırda seçki siyahısının formalaşdırılmasında iştirak edə bilmir. Yaxın vaxtlarda partiyanın qurultayı keçiriləcək və orada siyahının ilk 30 namizədi və ardıcıllığı təsdiqlənməlidir.
Samvel Karapetyan özü ittihamı “absurd” adlandırıb və bildirib: “Amma prokurora etiraz etmirəm”.
Bundan əvvəl Ermənistan KİV-ləri bildirmişdi ki, 10 ay davam edən istintaqdan sonra aprelin 15-də Samvel Karapetyanın işi üzrə məhkəmə prosesi başlayıb. Ona qarşı cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılmasından tutmuş hakimiyyəti ələ keçirməyə çağırışlara qədər bir neçə maddə üzrə ittiham irəli sürülüb.
İlk iclasdan əvvəl Karapetyanın vəkilləri məhkəməyə müraciət edərək onun ev dustaqlığından azad edilməsi məsələsinin təcili baxılmasını xahiş ediblər.
Erməni vəkil Aram Vardevanyan bir gün əvvəl bildirmişdi: “Aprelin 21-də “Güclü Ermənistan” partiyası qurultay keçirəcək və vacibdir ki, həmin vaxta qədər Samvel Karapetyan siyasi prosesdə tam iştirak edə bilsin. Rəqabət, bərabərlik və seçki prosesinin təminatı baxımından bu, açıq şəkildə zəruridir. Ümid edirik ki, bu təmin olunacaq və təəssüf edirik ki, bu yük məhkəmə hakimiyyətinin üzərinə düşüb”.
Erməni vəkil xatırladıb ki, Mərkəzi Seçki Komissiyası artıq siyasi qüvvələrin müraciətlərini qəbul edir və siyahılar tərtib olunur, bu proses aprelin 23-dək davam edəcək.
Alpər Mövludoğlu
Ordu.az