Aİ Ermənistanda ikinci missiya yerləşdirəcək

2026/01/1768578151.jpg
Oxunub: 568     13:24     15 Aprel 2026    
Avropa İttifaqı ölkələrinin səfirləri bu gün Brüsseldə Ermənistana yeni mülki missiyanın göndərilməsi barədə qərar qəbul ediblər. Bu, gələn həftə Aİ xarici işlər nazirlərinin iclasında gözlənilən yekun təsdiq üçün zəmin yaradır.

Ordu.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ermənistan bürosu məlumat yayıb.

“Azadlıq” radiosunun əldə etdiyi sənəddə Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin missiyanın mandatı, strukturu və müddəti ilə bağlı təklifi yer alıb. Sənədə görə, missiya Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməli, nazirliklərə və təhlükəsizlik qurumlarına strateji və praktiki məsləhət və dəstək verməlidir.

“Bu məsləhətlər siyasətlərin hazırlanması, xarici informasiya manipulyasiyalarının aşkar edilməsi və qarşısının alınması, kibertəhlükələr, eləcə də qanunsuz maliyyə axınları ilə bağlı olacaq. Missiya həmçinin təhlükəsizlik sahəsində imkanların inkişafı üçün Ermənistana nə lazım olduğunu qiymətləndirməlidir.

Bundan əvvəl hazırlanmış əsaslandırıcı sənəddə qeyd olunub ki, iyunda Ermənistanda keçiriləcək parlament seçkiləri, ondan sonrakı yerli seçkilər və mümkün konstitusiya referendumu ölkənin daxili sabitliyi və regional sülh üçün ciddi sınaq olacaq.

İllər əvvəl Bakı Ermənistan ərazisində Aİ müşahidəçilərinin yerləşdirilməsini tənqid etmişdi və nəticədə tərəflər arasında sülh sazişində sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsi barədə razılıq əldə olunmuşdu.

İndi isə Brüssel yeni missiya göndərməklə onun məqsədinin “Rusiyanın sabitliyi pozan fəaliyyətlərini azaltmaq və neytrallaşdırmaq” olduğunu vurğulayır”, - deyə nəşr bildirib.

Müəllifin sözlərinə görə, sənədlərdən birində Aİ-nin Xarici fəaliyyət xidmətinə Azərbaycanla müzakirələri davam etdirmək və bu dəstəyin məqsədini izah etmək tapşırılır ki, sülh prosesinə mənfi təsir olmasın.

“Sənəddə qeyd olunur ki, İranla müharibə də risklər sırasında xüsusi yer tutur. Ermənistanın iki açıq sərhədindən biri İranladır və bu marşrut ölkənin kommunikasiya və şimal-cənub nəqliyyat dəhlizi üçün həyati əhəmiyyət daşıyır.

Bu gərginlik Rusiyanın Ermənistan iqtisadiyyatına və enerji ehtiyaclarına təsirini daha da artıra və seçkilər ərəfəsində istifadə oluna bilər.

Yeni Aİ missiyasının iki il müddətinə Ermənistanda yerləşdirilməsi, 20-30 beynəlxalq əməkdaşdan ibarət olması və “Avropa İttifaqının tərəfdaşlıq missiyası” adı altında fəaliyyət göstərməsi planlaşdırılır.

Qeyd olunur ki, bu missiya üçüncü ölkələrə də açıq olacaq və onlar öz göndərdikləri əməkdaşların xərclərini özləri qarşılayacaqlar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ermənistan  


Bizi "telegram"da izləyin