Ermənistan KİV-i: Hakimiyyət TRIPP layihəsinin taleyindən narahatdır

2026/04/1776151335.jpg
Oxunub: 435     15:09     15 Aprel 2026    
Ermənistan hakimiyyəti TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin gələcək taleyi ilə bağlı narahatdır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrə görə, bir neçə gün əvvəl xarici işlər naziri Ararat Mirzoyan estoniyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib ki, Ermənistan və ABŞ arasında TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində işlər davam edir.

“Hazırda sənədləşmə mərhələsindəyik və əslində dövlətlərarası müqavilənin razılaşdırılması mərhələsindədirik. Ümid edirik ki, mümkün qədər tez tikinti mərhələsinə keçəcəyik. Bu mərhələdə üçüncü tərəfdaşlara ehtiyacımız olacaq. Müqavilə ikitərəfli, Ermənistan və ABŞ arasında olacaq. Lakin həm tikinti mərhələsində, həm də sistemlərin idarə olunmasında tərəfdaşlara ehtiyac yaranacaq”, - deyə Mirzoyan bildirib və vurğulayıb ki, layihə Çin başda olmaqla Portuqaliyaya qədər bir çox ölkələrin maraqlarına uyğundur, o cümlədən region ölkələrinin.

Eyni zamanda o qeyd edib ki, Yaxın Şərq ölkələri də bu layihə ilə maraqlanır, lakin hələlik ictimaiyyətə açıqlana biləcək konkret məlumat yoxdur.

“Past”ın yazdığına görə, Mirzoyanın bu bəyanatından əvvəl nüfuzlu “Foreign Policy” nəşri yazmışdı ki, TRIPP layihəsi çərçivəsində ərazinin öyrənilməsi üçün ABŞ şirkətinin nümayəndələrinin səfəri İranla müharibə səbəbindən təxirə salınıb.

“Bu barədə nəşrə İrəvandakı mənbələr məlumat verib. Məqalədə qeyd olunurdu ki, “ABŞ prezidenti Donald Trampın İrana qarşı siyasəti Ermənistan və Azərbaycan arasında əldə olunmuş yeganə uğurlu sülh razılaşmasını təhlükə altına qoya bilər”.

Bu qalmaqallı materialdan sonra ABŞ Dövlət Departamenti tərəfləri sakitləşdirməyə çalışaraq bildirib ki, TRIPP ABŞ üçün prioritet olaraq qalır.

“TRIPP ABŞ üçün prioritet olaraq qalır, çünki bu layihə Cənubi Qafqazda və ondan kənarda sülh və rifahı təşviq etmək potensialına malikdir. Tramp administrasiyası TRIPP-in həyata keçirilməsinə sadiqdir”, - deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.

Bununla belə, TRIPP ətrafında geosiyasi proseslər qeyri-müəyyən olaraq qalır və “Tramp yolu”nun gələcək taleyi sual altındadır. Bu isə Paşinyanın mövqelərinə ciddi zərbə hesab olunur”, - deyə “Past” bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   TRIPP  


Bizi "telegram"da izləyin