Erməni hərbi ekspert: “Hesab etmirəm ki, hərbi əməliyyatlar bu intensivliklə 2 həftədən sonra yenidən başlaya bilər”

2026/04/1775712562.jpg
Oxunub: 486     17:52     15 Aprel 2026    
“İran bu 41 günlük müharibədə qalib gəlib”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Davit Camalyan deyib.

“Hətta real atəşkəs müddətinin məhz 2 həftə olacağını fərz etsək belə, İran bu müddətdən maksimum istifadə edərək hərbi potensialını gücləndirəcək.

İran qalib gəlib və bu qələbənin meyarı odur ki, ABŞ-İsrail aqressor tərəfinin heç bir məqsədi reallaşmayıb, irəli sürülən vəzifələrin heç biri həll olunmayıb. Əksinə, “İsrailin aqressiyası” nəticəsində İran ən azı Hörmüz boğazı üzərində tam nəzarət qurmaqla öz geosiyasi mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. “Aqressiya”dan əvvəl mövcud olmayan bu vəziyyət atəşkəs anında artıq faktdır. Bir çox hesablamalara görə, yalnız bir neft tankerindən 2 milyon dollar alınması halında İran 8 milyard dollar həcmində gəlir əldə edəcək, illik isə 96 milyard dollara bərabər gəlir əldə edə bilər”, - deyə Camalyan bildirib.

Erməni ekspertin sözlərinə görə, bu müharibə nəticəsində İranda hakimiyyət devrilməyib, İran dövlətçiliyi zəifləməyib, əksinə daha da güclənib.

O bildirib ki, bundan əlavə, İran rəhbərliyi ətrafında konsolidasiya açıq şəkildə görünür, 14 milyondan çox insan könüllü yazılıb və İran uğrunda həyatını verməyə hazırdır.

“Quru əməliyyatları üçün İran çox ağıllı addımlar atıb. Düşünürəm ki, ABŞ üçün İranla müharibəyə başlamaq qətiyyən sərfəli deyil, əksinə İsrailə, xüsusilə də bu ölkənin baş nazirinə və onun ətrafına hərbi əməliyyatların yenidən başlaması hava və su kimi lazımdır. İsrail bu müharibədə çox ciddi zərbələr alıb və itkilər verib. Şübhəsiz ki, bu itkilər bərpa oluna bilər, lakin bunun üçün çox uzun vaxt tələb olunacaq. Fakt budur ki, İsrail təkbaşına mübarizə aparmaq iqtidarında deyil. Hesab etmirəm ki, Tramp bir daha səhv edib İsrailə qoşularaq İranla müharibəyə başlayacaq. Xüsusilə nəzərə alsaq ki, bu fonda Trampın reytinqi aşağı düşüb və noyabrda Konqresə aralıq seçkilər keçiriləcək, Tramp ikinci dəfə belə addım atmayacaq.

Hesab etmirəm ki, hərbi əməliyyatlar bu intensivliklə 2 həftədən sonra yenidən başlaya bilər”, - deyə Camalyan qeyd edib.

Erməni ekspertin sözlərinə görə, əvvəllər elə təsəvvür yaranmışdı ki, İran müxtəlif şiə strukturları üzərində nəzarətini, müqavimət oxunu itirib, lakin bu müharibə sübut edib ki, nəinki itirməyib, əksinə Yaxın Şərqdə təsirini tam bərpa edib.

“Bütün bunlarla bağlı və Ermənistanla əlaqədar nəticələrə də toxunum, TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi öz perspektivini tamamilə itirir, çünki İran bu, mahiyyət etibarilə anti-İran və anti-Rusiya layihəsinə qarşı kəskin və barışmaz mövqe tutacaq. İranın mövqelərinin güclənməsini nəzərə alsaq, əminəm ki, bu layihənin perspektivləri getdikcə qeyri-müəyyən olur.

Qalır ki, biz ağıl sahibi olaq, iyunun 7-də özümüzü yumşaq divanlardan qaldırıb seçkilərə gedək ki, dövlətçiliyimizin perspektivləri yeni seçilmiş hakimiyyətlərlə daha yaxşı olsun”, - deyə Camalyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Camalyan   ABŞ   İran  


Bizi "telegram"da izləyin