Rus nəşri: Avropa Rusiyanı əvəz etməyəcək: Ermənistanı Avrasiya İqtisadi Birliyi olmadan iqtisadi çöküş gözləyir

2026/04/1775637775.jpg
Oxunub: 407     16:11     15 Aprel 2026    
Son aylarda Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmaya yönəlmiş xarici iqtisadi kursu, hətta tamhüquqlu üzvlüyə qədər, birbaşa olaraq Avrasiya İqtisadi Birliyi çərçivəsində götürdüyü öhdəliklərə ziddir.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “News.ru” nəşri “Avropa Rusiyanı əvəz etməyəcək: Ermənistanı Avrasiya İqtisadi Birliyi olmadan iqtisadi çöküş gözləyir” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, Avrasiya İqtisadi Brliyindən çıxmaq Ermənistan iqtisadiyyatına ölümcül zərbə olacaq. Bəzi qiymətləndirmələrə görə, mümkün ayrılma ÜDM-in 30-40 faiz azalmasına gətirib çıxaracaq.

“Üstəlik, Ermənistan Avrasiya İqtisadi Birliyi sazişlərindən çıxarsa, qazın imtiyazlı qiymətini itirəcək ki, bu da tariflərin ciddi artımına və yerli sənayenin rəqabət qabiliyyətinin çökməsinə səbəb olacaq”, - deyə nəşr bildirib.

Rusiya Dövlət Dumasının beynəlxalq münasibətlər komitəsi sədrinin müavini Aleksey Çepan “News.ru”ya müsahibəsində Putin-Paşinyan son görüşünü “çətin” adlandırıb.

“Vladimir Putin İrəvana açıq şəkildə bildirib ki, Avropa İttifaqı ilə Avrasiya İqtisadi Birliyi arasında eyni vaxtda irəliləmək mümkün deyil. İrəvan necə irəliləyəcəyinə qərar verməlidir. Bizim iqtisadi və ticarət münasibətlərimiz bundan asılı olacaq. Top indi onların meydançasındadır. Biz birgə işləməyə hazırıq, lakin bizə qarşılıqlı hərəkət lazımdır”, - deyə Çepan bildirib.

O həmçinin qeyd edib ki, bir çox birgə layihələr, o cümlədən enerji layihələri hazırda dondurulub və onların yenidən bərpası birbaşa Ermənistanın mövqeyindən asılıdır.

İqtisadçı Aleksandr Razuvayev də Moldova ilə paralellər aparıb. Onun sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarsa, Rusiya dərhal ixracı dayandıra və enerji daşıyıcılarının qiymətlərini artıra bilər ki, bu da ciddi inflyasiyaya və müəssisələrin, zavodların bağlanmasına səbəb olacaq. Üstəlik, “News.ru”nun həmsöhbətinin sözlərinə görə, İrəvan Rusiya investisiyalarını itirəcək və böyük ehtimalla viza rejimi ilə üzləşəcək. “ABŞ və Qərb heç vaxt Rusiyanı və Avrasiya İqtisadi Birliyi tərəfdaşlarını əvəz edə bilməz. “Pulsuz” silah tədarükü də dayanacaq. Nəticədə Ermənistan Moldova və Makedoniya kimi ümidini itirmiş ölkələrin siyahısına qoşulacaq ki, oradan hamı qaçmağa çalışır”, - deyə iqtisadçı xəbərdarlıq edib.

Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev də narahatedici qiymətləndirmələr verib. O, “News.ru”ya xatırladıb ki, Avropa İttifaqı ilə Avrasiya İqtisadi Birliyinin azad ticarət zonalarını birləşdirmək üçün mexanizmlər mövcud deyil. “Ən yaxşı halda Ermənistan ticarət və inzibati qarışıqlıq vəziyyətinə düşəcək: qaydaların daim yenidən nəzərdən keçirilməsi, yeni maneələr, yük daşımalarında böhranlar”, - deyə ekspert sözlərini yekunlaşdırıb.

“News.ru”ya müsahibə verən bütün ekspertlər razılaşır ki, Avropa İttifaqına üzvlük proqramı Ermənistanı çətin seçim qarşısında qoyur və ölkə iqtisadiyyatının dözə bilməyəcəyi itkilərə gətirib çıxara bilər. Buna görə də Ermənistan rəhbərliyinin nəzərə almalı olduğu çox məqam var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin