“Joğovurd”: Sülhdən danışan Paşinyan hakimiyyəti hərbi parada hazırlaşır

2026/04/1775489688.jpg
Oxunub: 438     16:58     15 Aprel 2026    
“Hakimiyyət mayın 28-də, Ermənistanın Birinci Respublikası günü münasibətilə Respublika meydanında genişmiqyaslı hərbi parad keçirməyi planlaşdırır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri “Sülhdən danışan hakimiyyət hərbi parada hazırlaşır” başlıqlı məqaləsində yazıb.

Nəşrin mənbəsinin məlumatına görə, son illərdə əldə edilmiş bütün hərbi texnikanın nümayiş etdirilməsi nəzərdə tutulur və bununla guya son onilliklərdə bu həcmdə silahlanma həyata keçirilmədiyi təəssüratı yaradılmağa çalışılacaq.

“Əgər bu məlumat təsdiqlənsə, ortaya olduqca maraqlı və dərin ziddiyyətlərlə dolu mənzərə çıxır. Hər gün sülh gündəliyindən danışan, özünü “sülh partiyası” kimi təqdim edən hakimiyyət, faktiki olaraq, paytaxtın mərkəzində hərbi texnikanın nümayişi ilə cəmiyyətə siyasi mesaj verməyə hazırlaşır. Üstəlik, bu mesaj təkcə xarici auditoriya deyil, ilk növbədə daxili istifadə üçün nəzərdə tutulur. Məqsəd onu göstərməkdir ki, guya onların dövründə ordu quruculuğu və silahlanma sahəsində misilsiz mərhələ yaşanıb”, - deyə nəşr qeyd edib.

Müəllif bildirib ki, bu cəhd, əslində, həm də siyasi müqayisə cəhdidir.

“Vətəndaş Müqaviləsi” açıq şəkildə özünü o dövrlə eyni müstəviyə qoymağa çalışır ki, həmin dövrdə müdafiə, ordu, dövlətçilik və qələbə ideyaları Vazgen Sarkisyanın dövrünün dövlət düşüncəsində təcəssüm olunurdu. Lakin burada əsas problem var: belə müqayisə eyni dəyər sistemi şəraitində deyil, demək olar ki, bunun əksinə olan siyasi davranış fonunda aparıldığı üçün inandırıcı ola bilməz.

Bunu edən hakimiyyət illər boyu milli yaddaşın, qəhrəmanlığın və müqavimətin simvollarını ictimai təhsil və ideoloji məkanlardan sistemli şəkildə sıxışdırıb çıxaran hakimiyyətdir. Bu, məktəblərdən və universitetlərdən şöhrət guşələrinin çıxarıldığı hakimiyyətdir. Bu, öz opponentlərini “aqressiv ritorika”, müharibə qızışdırmaq və sülhü pozmaqda ittiham edən, lakin indi faktiki olaraq ordudan və hərbi texnikadan siyasi nümayiş aləti kimi istifadə etməyə hazırlaşan hakimiyyətdir.

Ziddiyyət daha da aydın görünür, çünki eyni hakimiyyət illər boyu cəmiyyəti çox sadə bir formul üzrə bölüb: onlar sülh tərəfdarıdır, tənqidçiləri isə müharibə tərəfdarı. Bu təbliğat xətti opponentləri gözdən salmaq, onların sözünü dəyərsizləşdirmək və istənilən sərt tənqidi “müharibəpərəstlik” sahəsinə yönəltmək üçün daim daxili siyasi mübarizədə istifadə olunub. İndi isə həmin hakimiyyət silahlı qüvvələr, silah və hərbi nümayiş vasitəsilə öz siyasi mövqelərini möhkəmləndirməyə çalışır”, - deyə məqalədə qeyd edilib.

Nəşrə görə, əgər “Vətəndaş Müqaviləsi” həqiqətən də mayın 28-ni hərbi texnikanın nümayiş paradına çevirməyi planlaşdırırsa, qeyd etmək lazımdır ki, bu, təkcə simvolik tədbir deyil, həm də özünü ifşa edən addımdır.

“Bu o deməkdir ki, hakimiyyət özü də anlayır ki, yalnız sülhdən danışmaqla artıq cəmiyyəti öz effektivliyinə inandıra bilmir və indiyədək uzaq durduğu və ya dəyərdən salmağa çalışdığı simvollara müraciət etməyə məcbur qalır.

Bu məsələnin ən dərin qatında isə ideoloji bütövlük deyil, siyasi uyğunlaşma dayanır. Opponentləri ittiham etmək lazım olanda sülh ritorikası işə salınır. Güc, dövlət, ordu, nəzarət və təsir nümayiş etdirmək lazım olanda isə hərbi texnika ön plana çıxarılır. Yəni hakimiyyət eyni vaxtda həm sülhdən danışmağa, həm də müharibə və ordu simvolikasından faydalanmağa çalışır.

Lakin bu cəhd səmimi görünmür, çünki bu, illər boyu milli yaddaşın, müqavimətin və ləyaqətin geri çəkilməsi siyasətini aparmış eyni qüvvənin əlindən gəlir. Və mayın 28-də mümkün hərbi parad nə qədər dövlət qüruru aktı kimi təqdim edilməyə çalışılsa da, o, yenə də böyük siyasi ziddiyyətin nümayişi olaraq qalacaq: sülhdən danışan hakimiyyət sonda öz siyasi mövqeyini qorumaq üçün yenidən güc simvoluna müraciət edir”, - deyə müəllif yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Parad  


Bizi "telegram"da izləyin