Erməni politoloq: “Hazırkı hakimiyyət istər Rusiya, istər də Avropa olsun, yalnız xarici ölkələrə və qüvvələrə söykənir”

2026/04/1775626060.jpg
Oxunub: 509     19:26     15 Aprel 2026    
“Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasının parlamentdə konstitusion çoxluq qazanmasının zəruriliyi barədə bəyanatı və insanları “yeni sentyabr müharibəsi” ilə qorxutması o deməkdir ki, hazırkı hakimiyyət həqiqətən də yenidən seçilmək imkanının olmadığını bilir”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Tevan Poğosyan iyunda keçiriləcək parlament seçkilərindən danışarkən deyib.

Keçmiş erməni deputatın sözlərinə görə, seçkilər hələ başlamamış bütün xarici oyunçular artıq Ermənistanın daxili işlərinə müdaxilə edirlər.

“Seçkilər başlamamış böyük güclər artıq öz üstün tutduqları variantları açıqlayıblar və bunlar vaxtilə bizə demokratiyanın xalqın iradəsi olduğunu öyrədən həmin ölkələrdir. Xalqın iradəsi odur ki, səbirlə gözləyin, sizdən kim xahiş edir ki, namizədlərin adlarını çəkəsiniz? Deməli, dünya da artıq demokratiya ilə bağlı hər şeyi itirib, əvvəllər gəlib bizi tərbiyə etdikləri o boş nağılları bir kənara qoyaraq sadəcə anlayırıq ki, biz hakimiyyət uğrunda vəhşi mübarizə mərhələsinə daxil olmuşuq və hakimiyyətin yeganə daşıyıcısı xalqdır, o da öz sözünü deməlidir”, - deyə Poğosyan qeyd edib.

Poğosyanın fikrincə, əgər xalq ayağa qalxsa və xarici qüvvələrin müdaxiləsinə imkan verməsə, o zaman iyunun 7-si ermənilərin seçimi olacaq.

“Əgər xarici təzyiqlərə boyun əysək, “vah, Putin belə dedi”, “Tramp belə dedi”, “Vens bunu dedi”, “Fidan onu dedi” və ya “Avropada kimsə başqa bir söz söylədi” desək, onda bunun hansı erməni seçimi olması barədə danışmaq olar?”, - deyə o qeyd edib.

Poğosyan Moskvada Putinlə Paşinyan arasında aprelin 1-də keçirilən görüş barədə danışaraq bildirib: “Dünya dəyişib, artıq diplomatiyada şəffaflıq daha çoxdur, bu gün hamı belə açıq danışır. Hər ölkə öz maraqlarını bacardığı şəkildə irəli aparır. Rusiyada da öz maraqlarını belə təsəvvür ediblər və deyiblər. Eşitdik, məlumat üçün qəbul etdik. Amma digər tərəfdən baxanda özü də dedi: “Axı Putin mənə zəng vurub məndən görüş istəməyəcək, mən zəng vurmalıyam”.

Deməli, onun öz qavrayışında hara getdiyini yaxşı anlayıb, bilib. Bu isə o deməkdir ki, özündə möhkəmlik hiss etmir, hazırkı hakimiyyət istər Rusiya, istər də Avropa olsun, yalnız xarici ölkələrə və qüvvələrə söykənir. Avropadan xahiş ediblər ki, hansısa “hibrid qrup” göndərsin. Dünyanın hər yerində erməni informasiya texnologiyaları mütəxəssisləri ən yaxşılar sırasındadır, amma biz Avropadan hansısa adamları dəvət edirik ki, bizə nəyin hibrid, nəyin isə olmadığını izah etsinlər. Fantastik mütəxəssislərimiz var. Belə çıxır ki, hazırkı hakimiyyət xalqın özünə də ümid bağlamayıb, hakimiyyəti saxlamaq mexanizmini xarici dəstəkdə axtarır”, - deyə o vurğulayıb.

“Hazırkı hakimiyyət nəhahət Rusiyaya qarşıdır, yoxsa gizli rusiyapərəstdir?” sualına Poğosyan belə cavab verib: “Onlar hakimiyyətyönlü kreslodurlar. Lazım gələrsə, bir günün içində rusiyapərəst olacaqlar. Sən deyirsən ki, mən özüm zəng vurub görüş istəməliyəm, bəs ondan sonra niyə təəccüblənirsən ki, sənə hər nə desələr, deyəcəklər? Niyə getmisən? Çünki hansısa bir şey daha vacib olub. O hansısa şey hakimiyyəti saxlamaqdır. Niyə öz xalqını müharibə ilə qorxudursan? Axı bundan bir ay əvvəl demişdin ki, “bitdi, sülhdür, artıq müharibə olmayacaq”. Bəs o “fəlakətli müharibə”ni kim gətirəcək? Bu nə deməkdir? Kim deyib ki, bu, şəxsin öz adınadır? Orada imza atanda öz adınla atırdın? Məgər MMC idi, ya fərdi sahibkar idi? Əgər ölkə adından idisə, deməli, o sülh də ölkənindir. Seçki bizim daxili problemimizdir. Bəs onda niyə deyirlər ki, daxili işlərimizə qarışmayın, hakimiyyət xalq tərəfindən formalaşır? Bəs bunların hamısı hara getdi? Əgər o sənədi imzalamısınızsa, deməli, sülh olacaq. Bəs bu müharibə haradan ortaya çıxdı? Mövqeyinizi müəyyənləşdirin”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Poğosyan   Ermənistan  


Bizi "telegram"da izləyin