Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Ura.news” saytı “Putin Qərblə yaxınlaşmağa çalışan Paşinyana Rusiya ilə münasibətləri qorumaq imkanı verdi” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, açıqlamada yalnız bildirilib ki, danışıq erməni tərəfinin təşəbbüsü ilə həyata keçirilib. “Tərəflər ikitərəfli münasibətlərin gələcək inkişafının müxtəlif aspektlərini, o cümlədən ticarət, iqtisadiyyat, energetika və nəqliyyat sahələrində əməkdaşlığı müzakirə ediblər”, - deyə məlumatda qeyd olunur.
KİV bildirib ki, lakin bu danışıqdan əvvəl Ermənistan-Rusiya münasibətlərinə təsir göstərə biləcək bir sıra hadisələr baş verib. Paşinyan Avropa Parlamentində 25 dəqiqəlik çıxış edərək bildirib ki, iyun ayında keçiriləcək parlament seçkiləri ərəfəsində din xadimləri və müxalifət nümayəndələri vəziyyəti gərginləşdirməyə və sülhü pozmağa çalışırlar. Onun sözlərinə görə, guya Rusiyadan qaynaqlanan hibrid təhdidlərə qarşı mübarizə məqsədilə Avropa İttifaqı Ermənistana operativ reaksiya qrupu göndərəcək. Həmçinin Aİ-Ermənistan ilk sammitinin mayın əvvəlində İrəvanda keçiriləcəyi açıqlanıb.
Siyasi analitik Stanislav Pritçin “Ura.news”a açıqlamasında bildirib ki, hazırda Rusiya ilə Ermənistan arasında münasibətlər ən yaxşı vəziyyətdə deyil. “Paşinyan üçün qarşıda ən vacib hadisə parlament seçkiləridir və o, hakimiyyətini qorumağa çalışacaq. Bu məsələyə böyük önəm verir, lakin eyni zamanda onun kursu hələ də qərbyönlüdür”, - deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, Moskva ilə İrəvan arasında münasibətlər pisləşdiyi üçün Paşinyan onları müəyyən qədər sabitləşdirməyə çalışır. “Ermənistan iqtisadiyyatının Rusiya investisiyalarından ciddi asılılığını nəzərə alsaq, bu münasibətlərdən imtina etmək çətindir. Düşünürəm ki, bu, Paşinyanın seçkilərə qədər ən azı müəyyən neytral mövqe saxlamaq cəhdidir ki, seçicilər onun Rusiya ilə əlaqələri tam kəsdiyini düşünməsin”, - deyə ekspert sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az