Ermənistanda doğum səviyyəsində tarixi antirekord qeydə alınıb

2023/11/1701070088.jpg
Oxunub: 585     13:58     15 Aprel 2026    
Nikol Paşinyanın gətirdiyi “sülh” şəraitində Ermənistanda son dərəcə narahatedici hadisələr baş verir. Əhalinin təbii artımı dayanıb. Sadəcə zəifləməyib və ya artım tempi aşağı düşməyib, ümumiyyətlə dayanıb. Əhalinin təbii çoxalma mexanizmi geriyə doğru işləməyə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Ölkə “ölür”: Ermənistanda doğum səviyyəsində tarixi antirekord qeydə alınıb” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, ilin əvvəlində Ermənistanda doğulandan daha çox insan ölüb.

KİV bildirib ki, bu, görünməmiş bir hadisədir və o deməkdir ki, ölkə tədricən “ölür”. Bu, insanların daha çox ölməsi ilə bağlı deyil, daha az uşağın doğulması ilə bağlıdır.

“Bu, vətəndaşların Nikol Paşinyanın gətirdiyi “sülhə” birbaşa reaksiyası kimi təqdim olunur və göstərir ki, insanlar bu “sülhə” inanmır, buna görə də uşaq sahibi olmaqdan və onların gələcəyini bu hakimiyyətin təqdim etdiyi şəraitlə bağlamaqdan çəkinirlər.

Rəsmi məlumatlara görə, yanvar ayında Ermənistanda 2.393 uşaq doğulub. Bu, ötən illə müqayisədə azdır. Keçən ilin eyni dövründə 2.688 uşaq doğulmuşdu.

Bu il ötən illə müqayisədə 295 uşaq az doğulub.

Doğumlar təxminən 11 faiz azalıb.

Ermənistanda indiyə qədər bu qədər az doğum qeydə alınmamışdı. Cari ilin yanvar göstəricisi tarixi minimumdur və antirekord hesab olunur. Bir neçə il əvvəl ölkədə daha çox uşaq doğulurdu. Hətta son illərlə müqayisədə belə kəskin azalma var, baxmayaraq ki, son illərdə doğum səviyyəsi davamlı şəkildə azalır”, - deyə məqalədə bildirilib.

Nəşr müqayisə üçün qeyd edib ki, 2023-cü ilin yanvarında Ermənistanda 3.481, 2024-cü ilin yanvarında isə 3.108 uşaq doğulmuşdu. Bu il doğulanların sayı 3 il əvvəlki göstəricidən 1.088 nəfər və ya 31 faizdən çox, 2 il əvvəlki göstəricidən isə 715 nəfər və ya 23 faiz azdır.

“Qeyd edilməlidir ki, bu il doğulanların arasında Qarabağdan (könüllü-red.) köç etmiş on minlərlə ailədə dünyaya gələn uşaqlar da var.

Hətta bu il ölüm sayının ötən ildən az olması belə vəziyyəti xilas etməyib. Əhalinin təbii artımı mənfiyə düşüb. Doğulanlardan 39 nəfər çox insan ölüb.

Bu, istənilən ölkə üçün, xüsusilə də Ermənistan kimi bir dövlət üçün ciddi böhran kimi qiymətləndirilir.

Doğumların azalması ilk dəfə baş vermir. Hakimiyyətin son illərində bu tendensiya demək olar ki, davamlı olub. Əgər 2024-cü ildə 33.593 uşaq doğulmuşdusa, ötən il bu rəqəm 32.042 olub. Yəni bir il ərzində 1.5 mindən çox azalma qeydə alınıb”, - deyə müəllif vurğulayıb.

Nəşr yazıb ki, bu göstəricilər 2-3 il əvvəlki rəqəmlərlə də müqayisə edilə bilməz. 2023-2024-cü illərdə doğulanların sayı 36 mini keçirdi. Ötən il isə bu rəqəmdən ən azı 4 min az uşaq doğulub.

“Daha əvvəlki dövrlə müqayisə isə fərqi daha da aydın göstərir. Cəmi 10 il əvvəl, 2016-cı ildə Ermənistanda 40.5 mindən çox uşaq doğulmuşdu. Bu, ötən illə müqayisədə ən azı 8 min çoxdur.

Son illərdə doğum səviyyəsi əhəmiyyətli dərəcədə azalıb və bu proses davam edir. Bu azalma ölkədə həyata keçirilən siyasətlə əlaqələndirilir.

Doğum səviyyəsinin aşağı düşməsi bir sıra amillərlə izah olunur: insan itkiləri, təhlükəsizlik problemləri, miqrasiya, sosial-psixoloji mühit, iqtisadi vəziyyət və yaşayış şəraiti. Bu səbəbdən evliliklərin sayı da azalıb. Bir neçə il əvvəl ildə 15-16 min evlilik qeydə alınırdısa, ötən il bu rəqəm 13.8 min olub. Bu ilin əvvəlində də azalma davam edib.

Buna baxmayaraq, hakimiyyət həyat şəraitinin yaxşılaşdığını və doğumu stimullaşdırmaq üçün şərait yaratdığını bəyan edir”, - deyə nəşr qeyd edib.

Müllif bildirib ki, 2018-ci ildən doğumun təşviqi üçün müxtəlif proqramlar həyata keçirilir.

“Məsələn, üçüncü və dördüncü uşaq üçün birdəfəlik 1 milyon dram, beşinci və sonrakı uşaqlar üçün isə 1.5 milyon dram yardım verilirdi. Lakin illər keçsə də, bu tədbirlərin effektiv olmadığı bildirilir. Son dəyişikliklərə görə, hər növbəti uşaq üçün 500 min dram verilməsi planlaşdırılır.

Ermənistanda əhalinin təbii artımı sürətlə pisləşir. Problemi həll etmək əvəzinə, demoqrafik vəziyyəti digər millətlərin hesabına dəyişmək cəhdləri olduğu iddia edilir. Son illərdə ölkədə əcnəbilərin sayının artdığı da qeyd olunur.

Bu tendensiya davam edərsə, gələcəkdə ermənilərin öz ölkələrində azlıq vəziyyətinə düşməsi ehtimalı da istisna edilmir”, - deyə məqalədə vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Doğum   Ölüm  


Bizi "telegram"da izləyin