Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Hakimiyyətin oyunun qaydalarını özbaşına dəyişməsi investorları uzaqlaşdırır” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, Ermənistan mümkün 100 baldan 67,1 bal toplayaraq yenə də “orta dərəcədə azad” ölkələr qrupunda qalır. İlk baxışdan bu, sabitlik kimi görünə bilər, lakin əslində bu, uzunmüddətli durğunluğun göstəricisidir. Son 5 il ərzində ölkənin eyni qrupda qalması o deməkdir ki, hakimiyyət yüksək səslə bəyan etdiyi islahatlara baxmayaraq, keyfiyyətli irəliləyiş təmin edə bilməyib.
“Üstəlik, 2026-cı ildə qeydə alınan 1,7 ballıq artım yeni nailiyyət deyil, 2015-ci ildəki göstəriciyə geri dönüşdür. Yəni illərlə aparılan siyasət əvvəlki dövrdə toplanmış potensialı tükədib. Halbuki 2017-ci ildə Ermənistan daha yüksək, “əsasən azad” ölkələr qrupuna yüksələ bilmişdi. Başqa sözlə, son 8 ildə həyata keçirilən “islahatlar” ölkəni irəli aparmaq əvəzinə geriyə salıb və əvvəlki irəliləyişləri sıfırlayıb.
Hazırkı hakimiyyət bəzi altindekslərdə, “ticarət”, “pul-kredit” və ya “maliyyə azadlığı” sahələrində artımı əsas gətirməyə çalışa bilər. Lakin bu sahələrdə belə vəziyyət narahatedicidir. Məsələn, “ticarət azadlığı” üzrə hazırkı göstərici (75,0 bal) yalnız son 5 ilin nəticələrindən yüksəkdir, ondan əvvəl isə bu qədər aşağı nəticə sonuncu dəfə 1999-cu ildə qeydə alınmışdı. Bu isə struktur irəliləyişdən danışmağı əsassız edir”, - deyə nəşr bildirib.
KİV vurğulayıb ki, eyni zamanda daha vacib olan sistem xarakterli göstəricilər problemlidir. “Əmək azadlığı” səviyyəsi 2007-2017-ci illərin göstəricilərindən xeyli aşağıdır, “investisiya azadlığı” isə sonuncu dəfə 2007-ci ildə bundan daha aşağı səviyyədə qeydə alınmışdı. Bu, iqtisadi mühitin həm daxili, həm də xarici investorlar üçün cəlbediciliyini itirdiyini göstərir.
“Ən problemli vəziyyət isə “qanunun aliliyi” kateqoriyasında müşahidə olunur. Ermənistan “mülkiyyət hüquqlarının qorunması” və “ədalət mühakiməsinin effektivliyi” göstəricilərinə görə “iqtisadi cəhətdən sıxışdırılmış” ölkələr sırasına daxildir və dünya üzrə orta göstəricilərdən xeyli geri qalır. Bu isə iqtisadi inkişaf üçün əsas şərtlərin, mülkiyyətin qorunması, müqavilələrin icrası, müstəqil və effektiv məhkəmə sisteminin təmin olunmadığını göstərir.
Başqa sözlə, investor Ermənistanda kifayət qədər təminat görmür, biznes məhkəmələrə etibar etmir, vətəndaş isə qanunun ədalətli tətbiqini müşahidə etmir. Üstəlik, bu qiymətləndirmə daxili siyasi tənqid deyil, beynəlxalq nüfuzlu qurumun təhlilidir.
Bu kontekstdə dövlət tərəfindən elektrik şəbəkələrinin müsadirəsi, eləcə də ANİF fondunun uğursuz fəaliyyəti nəticəsində milyonlarla dolların itirilməsi kimi hallar investorlar üçün risklərin bariz nümunəsi kimi çıxış edir”, - deyə məqalədə qeyd edilib.
KİV yazıb ki, dövlətin iri iqtisadi obyektlərə qarşı güc tətbiqi və qeyri-şəffaf müdaxilələri qeyri-müəyyənlik mühiti yaradır və mülkiyyət hüquqlarını siyasi qərarlardan asılı vəziyyətə salır.
“Nəticə aydındır: 2018-ci ildə iqtisadi azadlıq gündəliyi ilə hakimiyyətə gələn siyasi qüvvə nəinki bu sahədə inkişaf təmin edib, hətta əvvəlki nailiyyətləri də qoruya bilməyib. Mülkiyyətin tam qorunmadığı, məhkəmələrə etimadın olmadığı və qaydaların istənilən an dəyişə bildiyi şəraitdə iqtisadiyyat azad ola bilməz.
Belə şəraitdə hər hansı “artım” müvəqqəti, “uğur” isə kövrəkdir. Problem göstəricilərdə deyil, sistemdədir. Bu sistem dəyişmədikcə geriləmə davam edəcək”, - deyə müəllif qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az