Ermənistan Müdafiə Nazirliyində nə müzakirə olunub və niyə Suren Papikyan konkret cavablardan yayınır?

2021/11/56777-1637402834.jpg
Oxunub: 409     13:48     15 Aprel 2026    
“Martın 7-də “Suren Papikyanın dini-siyasi məhdudiyyətləri: Silahlı Qüvvələrin mənəvi xidmətinin “transformasiyası” barədə “narahat” suallar” başlıqlı məqalədə yazmışdıq ki, fevralın 6-da Ermənistanın müdafiə nazirinə ünvanladığımız yazılı sorğu (bunun üçün əsas isə yanvarın 30-da Ermənistanın müdafiə naziri Suren Papikyanın əmri olub) bir ay keçməsinə baxmayaraq cavabsız qalıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Müdafiə Nazirliyində nə müzakirə olunub və niyə Suren Papikyan konkret cavablardan yayınır?” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, Ermənistanın “İnformasiya azadlığı haqqında” qanununda açıq şəkildə göstərilir ki, “əgər yazılı sorğuda göstərilən məlumatın təqdim edilməsi üçün əlavə iş aparmaq tələb olunarsa, həmin məlumat müraciətin alındığı tarixdən sonra 30 gün müddətində müraciət edənə təqdim edilir.

KİV bildirib ki, Ermənistan Müdafiə Nazirliyi sorğuya cavab vermək üçün nəşrdən əlavə vaxt istəyib.

“Yazılı sorğu isə aşağıdakı sualları əhatə edir:

Ermənistan Müdafiə Nazirliyində alay keşişlərinin iştirakı ilə müşavirə keçirilibmi, nə vaxt baş tutub, Silahlı Qüvvələrin mənəvi xidmətindən kimlər iştirak edib, Müdafiə Nazirliyi və Baş Qərargah rəhbərliyindən kimlər iştirak edib, bu müşavirə hansı məqsədlə çağırılıb və nə müzakirə olunub? Və ya əgər belə müşavirə keçirilibsə, Ermənistanın müdafiə naziri Suren Papikyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan, müdafiə nazirinin müavini Arman Sarkisyan, Baş Qərargahın mənəvi-psixoloji təminat idarəsinin rəisi Seryoja Stepanyan, general Artak Budağyan orada iştirak ediblərmi və alay keşişlərinin Nikol Paşinyanın Kilsəni “islah etmək” dini-siyasi hərəkatına münasibətinin yoxlanılması cəhdi olubmu?

Ermənistanın müdafiə naziri Suren Papikyanın vəzifədə olduğu dövrdə və ondan əvvəl orduda alay keşişlərinin ikili tabeçiliyi problem yaradıbmı və konkret hansı problem? Bundan sonra demək olarmı ki, alay keşişlərinə Silahlı Qüvvələrin nizamnaməsi tətbiq ediləcək və orduda mənəvi xidmətin xarakterinin dəyişməsi hansı qanunvericilik, nizamnamə və qayda dəyişikliklərini nəzərdə tutur?

Alay keşişlərinə hərbi vəzifələr və zabit rütbələri təklif olunduğuna görə onlar da attestasiya olunacaqlarmı və hansı meyarlarla?

Artıq dəqiqdirmi ki, bundan sonra alay keşişlərinin mənəvi xidməti nəyi nəzərdə tutacaq, əvvəlki dövrlə müqayisədə onların xidmət vəzifələrində dəyişiklik olacaqmı və hansı dəyişikliklər?”, - deyə nəşr bildirib.

Məqalədə qeyd olunub ki, yazının dərc olunmasından 3 gün sonra Ermənistan Müdafiə Nazirliyi qanunla müəyyən edilmiş müddəti pozaraq cavab məktubu göndərib və orada qeyd olunub:

“Ermənistan Müdafiə nazirinə ünvanladığınız 2026-cı il 6 fevral tarixli sorğuya cavab olaraq bildiririk ki, cari ilin 1 fevralınadək alay keşişlərinin iştirakı ilə müxtəlif xidmət müşavirələri keçirilib. Ermənistanın müdafiə naziri Suren Papikyan fevralın 6-da parlamentdə jurnalistlərlə brifinq zamanı sorğunuzun 2-ci, 3-cü və 4-cü suallarına toxunub”.

KİV-in məlumatına görə, bu o deməkdir ki, Suren Papikyan sorğuda yer alan məlumatı, Müdafiə Nazirliyində keçirilən görüşlər və onların məzmunu barədə informasiyanı təkzib etməyib.

Nəşr qeyd edib ki, digər suallarla bağlı daha əvvəl də göstərildiyi kimi, yazılı sorğu göndərilməsinin səbəbi həm Müdafiə Nazirliyində keçirilən görüşün məzmunu, həm orduda ikili tabeçiliyin aradan qaldırılmasının səbəbləri, həm də yeni statusda alay keşişlərinin vəzifələri, maaşları və onların attestasiya olunub-olunmaması ilə bağlı fərqli şərhlərin və şübhələrin mövcud olması idi.

“Yəni brifinq zamanı konkret cavablar səsləndirilməyib, üstəlik, bizim yazılı sorğumuzda yer alan suallar ümumiyyətlə orada verilməyib.

Məsələn, Suren Papikyanın vəzifədə olduğu dövrdə və ondan əvvəl orduda alay keşişlərinin ikili tabeçiliyinin problem yaradıb-yaratmadığı və konkret hansı problemlərin yarandığı, bundan sonra alay keşişlərinə Silahlı Qüvvələrin nizamnaməsinin tətbiq olunub-olunmayacağı və orduda mənəvi xidmətin xarakterinin dəyişməsinin hansı qanunvericilik və nizamnamə dəyişikliklərini nəzərdə tutduğu barədə brifinqdə danışılmayıb.

Həmçinin hərbi statusda xidmət edəcək alay keşişlərinə attestasiya prosesinin tətbiq olunub-olunmayacağı və hansı meyarların tətbiq ediləcəyi barədə də məlumat verilməyib”, - deyə nəşr vurğulayıb.

“168.am” yazıb ki, Ermənistan Müdafiə Nazirliyi müddəti pozaraq göndərdiyi cavab məktubunda suallara cavabın həm de-yure, həm də de-fakto olmaması faktını fevralın 6-da Suren Papikyanın brifinqinə istinad etməklə ört-basdır etməyə çalışıb.

“Bu, ən azı desək, uğursuz cəhddir. Parlamentdə jurnalistlərlə brifinq zamanı müdafiə naziri belə deyib: “Müdafiə nazirinin əmri dəyişdirilib və xidmətin xarakteri dəyişib. Orduda mənəvi xidmətin ləğv edildiyi ilə bağlı spekulyasiyalar doğru deyil. Orduda mənəvi xidmət davam edə bilər, sadəcə olaraq onlar Silahlı Qüvvələrin mənəvi-psixoloji təminat üzrə idarəsinə tabe olmalıdırlar”.

Suren Papikyan əlavə edib ki, orduda ikili tabeçilik ola bilməz. Onların aydınlaşdırmağa çalışdığı məsələ orduda ikili tabeçiliyin hansı andan və ya hansı dövrdən problem yaratmağa başlaması və konkret hansı problemlərdən söhbət getməsi idi, çünki Suren Papikyan bu vəzifəyə yalnız 2021-ci il noyabrın 15-dən təyin olunub”, - deyə nəşr bildirib.

KİV qeyd edib ki, jurnalistlər həmçinin soruşublar ki, vəzifədən uzaqlaşdırılmış ruhani şəxslərə vəzifələr təklif olunur, yəni 700 min dram maaşla gedib alay keşişi işləmək təklif edilir.

“Buna cavab olaraq Suren Papikyan deyib: “Mən indi maaşın məbləğini deyə bilmərəm, lakin dərc etdiyimiz nazir əmri göstərir ki, bəli, biz Ermənistanda Erməni Apostol Kilsəsində dini təhsil almış şəxslərlə müqavilə bağlaya bilərik ki, onlar xidmət etsinlər və öz missiyalarını yerinə yetirsinlər. Maaş barədə indi danışa bilmərəm. Siz maaşın məbləğini böyük deyirsiniz, amma bu kifayət qədər maaş olacaq və onların əvvəllər aldıqlarından fərqlənəcək”.

Burada bizim suallarımızın cavabları varmı? Bəlkə Ermənistan Müdafiə Nazirliyində bir daha nazir Papikyanın brifinqinə baxsınlar…” - deyə “168.am” yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Papikyan  


Bizi "telegram"da izləyin